Astara Rayon Məhkəməsinin sədri Elnur Cəbiyevin vəzifəsinin dəyişdirilib, Xızı Rayon Məhkəməsinin hakimi İsmiyar İsmayıllıya töhmət verilib, 2 hakim barədə intizam icraatları başlanılıb
Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib. İclasda ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə son vaxtlar görülmüş işlər vurğulanıb, prezident İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı”nda məhkəmə fəaliyyətinə dair tədbirlərin icrasının təşkili ilə bağlı məsələ müzakirə edilib.
Şura üzvləri çıxış edərək Dövlət proqramının qəbul edilməsinin məhkəmə fəaliyyətinin təkmilləşdirilməsinə böyük diqqət və qayğının təzahürü olduğunu bildirib, proqramın məhkəmə fəaliyyətinin müasirləşdirilməsinə və inkişafına, bu sahədə tədbirlərin daha mütəşəkkil həyata keçirilməsinə xidmət edəcəyi vurğulanıb.
Həmçinin iclasda hakimlərin mükafatlandırılması, iş yerlərinin dəyişdirilməsi ilə bağlı məsələlərə baxılıb, hakimliyə namizədlərin seçilməsi prosesinin vəziyyəti ilə bağlı Hakimlərin Seçki Komitəsinin məlumatı dinlənilib.
Hakimlər barədə başlanılmış intizam icraatlarına baxılaraq fəaliyyətində yol verdikləri ciddi qanun pozuntuları və digər nöqsanlara görə Astara Rayon Məhkəməsinin sədri Elnur Cəbiyevin vəzifəsinin dəyişdirilməsi, Xızı Rayon Məhkəməsinin hakimi İsmiyar İsmayıllıya töhmət verilməsi barədə qərarlar qəbul edilib.
Eyni zamanda, qanunvericiliyin tələblərinin pozulması ilə bağlı 2 hakim barədə intizam icraatları başlanılıb. /ANS PRESS/