Ədliyyə Nazirliyində kollegiya iclası keçirilib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda bildirilib ki, korrupsiya ilə mübarizə tədbirləri daim diqqətdə saxlanılaraq ədliyyə orqanlarında və məhkəmələrdə korrupsiyaya şərait yaradan halların qarşısının alınması, ədliyyə və məhkəmə işçilərində antikorrupsiya mədəniyyətinin yüksəldilməsi, bu sahədə beynəlxalq əməkdaşlığın təşviqi üzrə addımlar atılıb, əhalinin ədliyyə orqanlarına və məhkəmələrə çatımlılığının asanlaşdırılması üçün müasir elektron xidmətlər yaradılıb. Belə ki, ədliyyə orqanlarında vətəndaşlara ədliyyə fəaliyyəti barədə zəruri məlumatları əldə etməyə, rüsumları birbaşa ödəməyə imkan yaradan elektron köşklərin, habelə nəzarətin gücləndirilməsi məqsədi ilə veb-kameraların tətbiqinə başlanılıb. Artıq belə köşklər ölkə üzrə fəaliyyət göstərən bütün notariat kontorlarının 1/3-ni əhatə edib, veb-kameralar isə 10-dək notariat kontorlarında quraşdırılıb və bu proses hazırda davam etdirilir.
İşə qəbul prosedurları da xeyli sadələşdirilib, namizədlər yalnız ərizə verməklə test imtahanında iştirak etməyə buraxılır. Həmçinin, imtahan prosesi internetdə canlı yayımlanır.
Eyni zamanda, bütün məhkəmələr və hakimlər haqqında məlumatları, habelə məhkəmə sənədlərinin nümunələrini əks etdirən məhkəmə sisteminin vahid internet portalı fəaliyyət göstərir.
Nazirlikdə vətəndaşların şikayətlərinə operativ baxılması və təxirəsalınmaz tədbirlərin görülməsi məqsədilə yaradılmış “Qaynar xətt”lərin fəaliyyəti genişləndirilərək təkmilləşdirilib.
İclasda bildirilib ki, korrupsiyaya qarşı mübarizə üzrə ədliyyə orqanlarında həyata keçirilən tədbirlərə baxmayaraq aparılan təhlillər, keçirilmiş yoxlamalar, daxil olan şikayətlər və siqnallar narahatlıq doğurur. Qeyd olunub ki, yanvarın 26-da Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın təhsil məsələlərinə həsr olunmuş iclasında verilmiş tapşırıqlar digər qurumlara da, o cümlədən ədliyyə orqanlarına aiddir.
Bununla əlaqədar Kollegiyada qarşıda duran vəzifələr müzakirə edilib, ədliyyə orqanlarında və məhkəmələrdə korrupsiyaya qarşı dözümsüzlük mühitinin yaradılması, süründürməçiliyin, vəzifədən sui-istifadə və korrupsiyaya şərait yaradan digər halların qətiyyətlə qarşısının alınması, şəffaflığın daha da artırılması üzrə konkret tədbirlər müəyyən olunub.
Həmçinin, iclasda Məhkəmə-Hüquq Şurası ilə birgə hakimlərin etik davranış qaydalarına riayət olunması vəziyyəti öyrənilməklə bu sahədə qəti tədbirlərin görülməsinin zəruriliyi vurğulanıb, dövlət başçısı tərəfindən 2013-cü ilin “İKT ili” elan olunmasını nəzərə alaraq, ədliyyə sahəsində elektron xidmətlərin daha geniş tətbiqi, habelə xidməti yoxlamaların səmərəliliyinin yüksəldilməsi, hüquqi maarifləndirmə və antikorrupsiya tədrisi üzrə tədbirlərin canlandırılması aidiyyəti qurumlardan tələb olunub.