Komitə sədri Hidayət Orucov ölkəmizdə səfərdə olan Türkiyənin beş dövlət orqanını təmsil edən rəhbər işçilərdən ibarət nümayəndə heyəti ilə görüşdə bildirib ki, Azərbaycanda hicab qadağan olunmayıb.
“Birmənalı şəkildə bildirirəm ki, Azərbaycanda hicab qadağan olunmayıb. Bütün dünyəvi dövlətlərdə, o cümlədən Türkiyədə olduğu kimi, Azərbaycanın orta ümumtəhsil məktəblərində də qanunvericiliyə uyğun olaraq vahid məktəbli forması tətbiq edilir”, – Orucov deyib.
Onun sözlərinə görə, bunu etiqad azadlığının pozulması kimi qələmə vermək absurddur. Komitə sədri qeyd edib ki, bu məsələ ilə bağlı süni problem yaratmaq istəyənlərin kim olduqları və hansı dairələr tərəfindən idarə edildikləri məlumdur.
Orucov Türkiyə mətbuatında bəzən ölkəmizin din sahəsi ilə bağlı heç bir fakta əsaslanmayan məlumatların yer almasından, müəyyən dairələrin sifarişlərini yerinə yetirən bir qrup şəxsin guya Azərbaycanda dini etiqad azadlığının pozulduğu iddiası ilə piketlər keçirməsindən narahatlığını bildirib.
“Müəyyən qruplar iddia edirlər ki, Azərbaycanda “Türk camesi” bağlanılıb. Əvvəla, məscid Allahın evidir və onu “Türk camesi”, “Azərbaycan camesi” və s. kimi təsnif etmək doğru deyil. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra qardaş Türkiyə Azərbaycanda 23 məscid tikib və onlardan 22-si bugünədək fəaliyyət göstərir. Yalnız bir məscid təmir üçün müvəqqəti olaraq bağlıdır”, – Komitə sədri qeyd edib.
Türkiyənin Dövlət Kadrlar İdarəsinin təhsil şöbəsinin başqanı Əkrəm Kuru vurğulayıb ki, bəzi dairələrin Azərbaycan əleyhinə çıxışlar etməsi Türkiyəni də narahat edir.
“Ancaq həmin kiçik qrupların ifadə etdiyi fikirlər ümumilikdə türk xalqının fikirləri deyil. Belə kiçik dairələr Türkiyə ilə Azərbaycanın qardaşlığına qətiyyən xələl gətirə bilməzlər”, – o vurğulayıb.