Azərbaycan və Ermənistan Parlamentinin deputatları Dağlıq Qarabağ probleminin həlli ilə bağlı intensiv məsləhətləşmələrin davam etdirilməsi qərarına gəliblər. “Moskvada keçirilən məsləhətləşmələrdə bu cür görüşlərin gələcəkdə Bakıda, Yerevanda, hətta neytral ərazidə keçirilməsinin mümkün olduğu da qeyd olunub”, – cümə günü Trend News-a Milli Məclisin üzvü Sabir Hacıyev bildirib.
Azərbaycan Milli Məclisinin üzvləri Rəbiyyət Aslanova, Əli Hüseynov, Rövşən Rzayev, Sabir Hacıyev və Mixail Zabelin oktyabrın 22-də Rusiya Dövlət Dumasında Rusiya və Ermənistan parlamentlərinin bir qrup deputatının qatıldığı “dəyirmi masa”da iştirak ediblər.
Tədbirdə Dövlət Dumasının MDB İşləri və Həmvətənlərlə Əlaqələr Komitəsinin sədri Aleksey Ostrovski, Ermənistan Parlamentinin iqtisadi məsələlər üzrə daimi komissiyasının üzvü Ermine Nağdalyan, Azərbaycanın və Ermənistanın Rusiyadakı səfirləri Polad Bülbüloğlu və Armen Smbatyan iştirak ediblər.
Hacıyevin sözlərinə görə, Rusiya Dövlət Dumasında keçirilən görüş zamanı Azərbaycan Parlamenti üzvlərinin Dağlıq Qarabağa səfəri ilə bağlı konkret razılaşma olmayıb. “Buna baxmayaraq, Milli Məclisin bir qrup üzvünün həmin bölgəyə səfəri istisna olunmur. Ermənistan parlamentarları ilə görüşlərin təşəbbüsçüsü Rusiya tərəfi olduğundan, Dağlıq Qarabağa səfər məsələsi də daha çox həmin ölkənin müvafiq qurumlarından asılıdır”, – millət vəkili əlavə edib.
Onun fikrincə, Moskvadakı bu görüşün münaqişənin nizamlanması prosesinə müəyyən qədər təkan verəcəyi istisna olunmur. “Bizim əsas məqsədimiz Azərbaycan və Ermənistan dövlət başçıları, eləcə də xarici işlər nazirləri arasında aparılan danışıqlara dəstək verməkdir”, – Hacıyev vurğulayıb.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.