Azərbaycan Prezidentinin tapşırığına əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışının əlavə dəyər vergisindən (ƏDV) azad olunması insanların rifahının yaxşılaşmasına, unun, un məmulatlarının qiymətinin sabitləşməsinə xidmət edir. Bunu Trend-ə Milli Məclisin deputatı Tahir Rzayev deyib.
Buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışının ƏDV-dən azad olunmasını çox müsbət bir addım sayan deputat əhalinin də bu tapşırığı müsbət qiymətləndirdiyini bildirib: “Bu gün Ağcabədi rayonunda əhali ilə görüşəndə onlar buna görə çox razılıq etdilər. Artıq bu, öz nəticəsini göstərib. Rayonda unun, çörəyin qiyməti enib və qiymətlər tənzimlənib”.
T.Rzayev qeyd edib ki, Prezidentin tapşırığı taxılın ölkəyə gətirilməsi zamanı sahibkarlardan tələb olunan xərcləri də azaldacaq: “Bu, yerli istehsalçılara da şərait yaradır ki, cörəyin qiyməti sabit qalsın, artmasın. Çörək insanlar üçün çox mühüm ərzaqdır. Ona görə də qiyməti sabit qalmalıdır. Vətəndaşlar tərəfindən bu, çox müsbət dəyərləndirilir”.