Demokratiya və hüquqi dövlət quruculuğuna doğru…

Demokratiya və hüquqi dövlət quruculuğuna doğru…

Sovet despotizminin və ideoloji maşının cəngindən xilas olaraq müstəqillik əldə etmiş bir ölkədə əsaslı demokratik və hüquqi dövlət quruculuğuna yönəlik islahatların aparılması qaçılmaz idi. Bu, hansısa ayrı-ayrı şəxslərin və ya kənar qüvvələrin diqtəsi yox, məhz dünyəvi dövlət qurmaq zərurətindən irəli gələn bir tələb idi. Azərbaycan da müstəqilliyinin elə ilk illərindəcə demokratikləşmə yolunda addımlar atmağa başladı. Doğrudur, ilkin mərhələdə bu proses bir qədər ləng xarakter daşısa da, sonra yeni mahiyyət daşımağa başladı. Beləliklə, Azərbaycan artıq istədiyi yolda idi – hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolunda.
1995-ci ilin noyabrında ölkəmizin ilk Konstitutsiyasının qəbulundan və hökumətin bu istiqamətdə adddımlarını çevikləşdirməsindən sonra müstəqil Azərbaycan köhnə Sovet Azərbaycanından bir qədər də uzaqlaşmış oldu.
Hazırda bu siyasi xətt uğurla davam etdirilir. Aparılan məhkəmə-hüquq islahatları nəticəsində ölkəmizin vətəndaş hüquqları və azadlıqları təmin edilmişdir. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra 200-dən artıq beynəlxalq konvensiyaya qoşulmuşdur ki, onların da 40-dan çoxu vətəndaş hüquq və azadlıqları ilə bağlıdır. Eyni zamanda ölkənin qanunverici orqanı olan Milli Məclis tərəfindən bu günə kimi 2150-dən artıq qanun, qərar və digər normativ hüquqi aktlar qəbul edilmişdir.

Vətəndaş cəmiyyəti yolunda…

Ölkənin demokratikləşmə yolunda hərəkətliliyinin göstəricisidir ki, bu gün respublika ərazisində 52 siyasi partiya, 3500 qeyri-hökumət təşkilatı, 3 mindən çox qəzet və jurnal, 50 elektron KİV və informasiya agentliyi, 16 mərkəzi və regional televiziya fəaliyyət göstərir…
Dünya təcrübəsi də sübut edir ki, istənilən ölkədə vətəndaş cəmiyyətinin qurulmasında qeyri-hökumət təşkilatlarının mövcudluğu olduqca mühüm amildir. Amma artıq həmin təşkilatların nə qədər böyük hissəsinin normal, obyektiv fəaliyyət göstərdiyi və bu fəaliyyətin vətəndaş cəmiyyətinin qurulması istiqamətində nə qədər əhəmiyyətli olub-olmadığı başqa söhbətin mövzusudur. Bütün bu dediklərimizi ötən illər ərzində ölkəmizdə yaradılmış ayrı-ayrı işçi qrupları haqqında da söyləmək olar.

Qrupumuz zamanı yetişəndə yaranıb

Aprelin 7-8-də «Azərbaycanda siyasi hüquqların müdafiəsi – yeni meyarlar» mövzusunda Bakıda keçirilən beynəlxalq konfrans yeni bir işçi qrupunun yaranması üçün stimul oldu. Yeri gəlmişkən, həmin toplantıda 27 ölkədən olan ekspertlər, AŞPA, ATƏT parlament assambleyasının və Avropa Parlamentinin 16 ölkədən olan 29 deputatı, Azərbaycan hökumətinin və parlamentinin, eləcə də vətəndaş cəmiyyəti nümayəndələri iştirak edirdilər.
İlkin olaraq aydın oldu ki, İşçi Qrupunun yaradılmasında əsas məqsədlər Azərbaycanda insan haqlarına dair vəziyyətin daha obyektiv öyrənilməsi, vətəndaşların hüquqlarının qorunması, insan haqlarına dair beynəlxalq standartların təsbitinə yardım edilməsi və dövlət orqanları ilə ictimai qurumların bu sahədə əməkdaşlığına nail olunmasıdır.
Nəzərə alsaq ki, ölkədə insan hüquqlarına dair vəziyyətin öyrənilməsi ilə məşğul olan bir çox strukturların olmasına baxmayaraq, ortada kifayət qədər obyektiv nəticələr yoxdur və bu istiqamətdə dövlət orqanları ilə ictimai qurumların əməkdaşlığı istənilən səviyyədə deyil, belə halda yaradılmış işçi qrupunun fəaliyyətinin əhəmiyyəti tam aydın olar.

Fərqli mövqe, fərqli tanıtım

«Adətən hər hansı bir qurum yarandığı gündən özünü cəmiyyətə təqdim edir. Biz isə fərqli mövqe tutduq. Qərara gəldik ki, fəaliyyət imkanlarımızdan istifadə edərək bəzi məsələləri həll edib yalnız bundan sonra mətbuata hesabat verək». İşçi qrupunun sədri, hüquq elmləri doktoru, professor Kamil Səlimov keçirdikləri mətbuat konfransında Qrupun fərqli təqdimetmə motivasiyasını bu cür şərh etmişdi.
İnsan Hüquqlarına Dair Beynəlxalq Standartların Təsbiti üzrə İşçi Qrupunun tərkibində dövlət strukturlarını təmsil edən 10 rəsmi şəxs, Milli Məclisin 2 üzvü, 10 nəfər nüfuzlu beynəlxalq ekspert, 13 qeyri-hökumət təşkilatı fəaliyyət göstərir. İşçi qrupun tərkibində Azərbaycanda məhkəmə və hüquq islahatlarına dair, “Layihə menecmenti və fandreyzinq” üzrə, vətəndaşların hüquq pozuntuları ilə bağlı şikayətlərinə baxılması və hüquqi yardım göstərilməsi üzrə, hüquq mühafizə orqanları ilə iş üzrə, seçkilərin monitorinqi üzrə, söz və şnformasiya azadlığı üzrə Alt Qruplar formalaşdırılıb və fəaliyyət göstərir.
İşçi Qrupunun 2008-2010-cu illəri əhatə edən strateji planında göstərilir ki, Qrup Azərbaycanda insan hüquqları sahəsində beynəlxalq standartların reallaşdırma və adaptasiya prosesinə dəstək olmalıdır.
Qrup özünün əsas vəzifəsi kimi Azərbaycanda demokratiya quruculuğunun müxtəlif istiqamətlərində Avropa standartlarının təsbitini görür. Beynəlxalq İşçi Qrupu, ilk növbədə, hökumətin son illər iqtisadi sahədə əldə edilmiş uğurları sayəsində cəmiyyətin daha vacib olan sosial, iqtisadi və siyasi sahələrdə inkişafının təmini məqsədilə, bu sahədə fəaliyyət göstərən QHT-lərə maliyyə yardımı və onlarla əməkdaşlıq etməklə, vətəndaş cəmiyyətinin yaradıcılıq potensialından intensiv şəkildə yararlanmaya yönəlik siyasət yürütdüyünü qeyd edir. Bu fəaliyyət son nəticədə hakimiyyət orqanlarının xalqın qarşısında məsuliyyətini artırır ki, bu da düzgün, şəffaf, ədalətli seçkilərin keçirilməsi və bu prosesdə maraqlı olan bütün yerli və beynəlxalq təşkilatların və ekspertlərin iştirakı üçün real şərait yaradır.

Təkcə söz yox, həm də əməl

İşçi Qrupu qanunun müstəqilliyinin təmin olunması və insan hüquqlarına dair beynəlxalq standartların əxz olunması istiqamətində inzibati orqanların, xüsusilə polis və həbsxanaların islah edilməsini, hakimlər üçün treninqləri, mətbuatın monitorinqini, pulsuz hüquqi yardımı və s. işləri planlaşdırır. Qrup eyni zamanda korrupsiya ilə mübarizə məsələsini də prioritet hesab edir. Təsadüfi deyil ki, İşçi Qrupu bu məqsədlə xüsusi bir layihə də hazırlayıb.
İşçi Qrupunun fəaliyyətinin mühüm istiqamətlərindən biri də seçkilərlə bağlı olacaq. Qrup əhalinin maarifləndirilməsi məsələsi ilə yanaşı, seçkilərdə dövlət resurslarından istifadənin qarşısını almağa çalışacaq. Artıq buna yönəlik layihə hazırdır və bu sahədə monitorinqlərin aparılması nəzərdə tutulur. İşçi Qrupunun fəaliyyətinə seçkilərlə bağlı ayrı-ayrı tədbirlərin, konfransların, seçici kütlələri üçün treninq və seminarların təşkil olunması da daxildir.
Qrup artıq «Qaynar xətt» (408-30-17) telefonları vasitəsilə vətəndaşların ərizə və şikayətlərinin qəbulunu da həyata keçirir. Digər bir tərəfdən, bu ərizə və şikayətlərin qəbul olunması formal xarakter daşımayacaq, əksinə, vətəndaşların hüquqlarının təmin olunmasına nəzarət ediləcək. İşçi Qrupunun nəzdində «Hüquqi Məsləhət Mərkəzi» (408-30-27) də fəaliyyət göstərir.
Azad toplaşma haqqında qanuna necə əməl olunması məsələsi də Qrupun həssas yanaşacağı məsələsi sırasında olacaq. Məhz bu istiqamətlə bağlı monitorinqlərin aparılması və nəticələr barədə hesabatın hazırlanması nəzərdə tutulur.

Rəsmi qurumlarla əməkdaşlıq faydalı ola bilər

Əlbəttə, vətəndaşların problemlərinin həlli istiqamətində rəsmi qurumların imkanlarından istifadə etmədən istənilən nəticəyə nail olmaq bir qədər absurd görünür. İşçi Qrupu fəaliyyəti strategiyasında bu məqamı da nəzərə alıb. Yəqin təsadüfi deyil ki, İşçi Qrupunun tərkibinə dövlət strukturlarını təmsil edən 10 nəfər rəsmi şəxs də daxil edilib.
Qrup vətəndaşların problemlərinin statistikasını aparmaq və mətbuata bununla bağlı məlumatları verməklə yanaşı, hökumət qurumlarından problemlərin həllində bilavasitə dəstək tələb edəcək. İşçi Qrupu ərizə və şikayətlərin araşdırılmasına nəzarət edəcək ayrıca bir qurumun yaradılmasını da planlaşdırır.
«Vətəndaşların əsas narazılığı məhkəmə orqanları, hüquq-mühafizə orqanları ilə bağlıdır. Ərizə və şikayətlərin baxılması sayəsində icra strukturlarının bu sahədəki işi də qənaətbəxş deyildi. Vətəndaşların məhkəmələrə inamı yoxdur». Bu fikirləri isə Azərbaycanda İnsan Hüquqlarına Dair Beynəlxalq Standartların Təsbiti üzrə İşçi Qrupunun iyunun əvvəllərində keçirdiyi növbəti toplantısında qurumun sədri Kamil Səlimov səsləndirmişdi. K.Səlimov həmçinin maraqlı bir təkliflə çıxış etmişdi: «Vətəndaşların hamısının vəkil tutmağa pulu yoxdur. Ali məktəblərdəki hüquq fakültələri tələbələrinin mülki işlərdə vətəndaşlara pulsuz yardımı həmin problemi qismən də olsa təmin etmiş olar. Artıq ABŞ-da bu qayda çoxdan tətbiq olunur və yaxşı nəticə verir».
Beləliklə, məhz bu formatda Beynəlxalq İşçi Qrupunun yaradılması və onun fəaliyyət proqramı deməyə əsas verir ki, ölkədə vətəndaş haqlarının təminatı istiqamətində irəliyə doğru daha bir addım atılıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO