Dekabrın 25-də Milli Məclisdə “Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında parlamentin rolu” mövzusunda konfrans keçirilir.
Konfransda Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri, Baş nazirin müavini Əli Əhmədov, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İshaqzai, deputatlar iştirak edirlər.
Konfransda Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov “Azərbaycan Respublikasında Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üzrə görülmüş işlər və qarşıda duran perspektivlər”, Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli “Dayanıqlı İnkişaf Məqsədlərində sosial aspektlərin həyata keçirilməsində parlamentin rolu”, Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə “Dayanıqlı İnkişaf Məqsədlərində iqtisadi hədəflərə nail olunmasında parlamentin rolu”, səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Dayanıqlı İnkişafda sağlam yaşayışın təmin olunması hədəflərinə nail olunmasında parlamentin rolu” mövzularında çıxış edəcəklər.
Sonra müzakirə olunan məsələlərlə bağlı suallar cavablandırılacaq.
AZƏRTAC