Regionda davamlı sülhün və sabitliyin bərqərar olması üçün Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan Silahlı Qüvvələrinin çıxarılması əsas şərtdir. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov cümə günü ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Tina Kaydanovla görüşdə deyib.
Azərbaycanın XİN rəhbəri Türkiyə-Ermənistan münasibətlərinin normallaşması və Dağlıq Qarabağ münaqişəsinin bir-biri ilə bağlılığını qeyd edib və proseslərin hər ikisində paralel olaraq irəliləyişin əldə edilməsinin zəruriliyini bildirib”, – XİN-in mətbuat xidmətindən Trend News-a bildiriblər.
XİN rəhbəri regionda davamlı sülhün və sabitliyin bərqərar olması üçün bütün kommunikasiyaların və yolların açılmasının vacibliyini qeyd edib və bunun üçün Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan Silahlı Qüvvələrinin çıxarılmasının əsas şərt olduğunu vurğulayıb.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
Kaydanov ABŞ Administrasiyasının Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini və ABŞ-ın Azərbaycanla münasibətlərin daha da inkişaf etdirilməsində maraqlı olduğunu qeyd edib.
Kaydanov ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həll olunmasında maraqlı olduğunu və bu istiqamətdə öz töhfəsini verməyə hazır olduğunu vurğulayıb.
Onun sözlərinə görə, rəsmi Vaşinqtonun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Türkiyə-Ermənistan münasibətlərinin normallaşması proseslərində müsbət irəliləyişin əldə olunmasına tərəfdardır.
Oktyabrın 10-da Sürixdə Ermənistan və Türkiyənin xarici işlər nazirləri Edvard Nalbandyan və Əhməd Davudoğlu arasında diplomatik münasibətlərin bərpasını nəzərdə tutan protokol imzalanıb. Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil, iki ölkə arasında sərhədlər 1993-cü ildən bağlıdır.
Trend News