Bu gün ATƏT-in Minsk Qrupunun həmsədrləri Bernar Fasye (Fransa), Robert Bratke (ABŞ) və İqor Popov (Rusiya) regiona etdikləri son səfərin nəticələri ilə bağlı bəyanatla çıxış ediblər. Bəyanatda bildirilir ki, həmsədrlər 11-14 aprel tarixində İrəvan, Dağlıq Qarabağ və Bakıda səfərdə olublar:
“ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiklə bərabər həmsədrlər ayrı-ayrılıqda Ermənistan prezidenti Serj Sərkisyan, Azərbaycan prezidenti İlham Əliyev və Dağlıq Qarabağdakı faktiki hakimiyyət orqanları ilə görüş keçiriblər. Bu görüşlər zamanı həmsədrlər münaqişənin nizamlanmasının baza prinsiplərinin razılaşdırılması istiqamətində müzakirələr aparıblar. Həmsədrlər əmindirlər ki, baza prinsiplərinin yekunlaşdırılması və sülh sazişinə doğru irəliləmək vaxtı yetişib.
Aprelin 13-də həmsədrlər qoşunların təmas xəttini keçərək Bakıya gediblər. 2010-cu ildə olduğu kimi bu addımın məqsədi 1994-cü ildə əldə edilmiş atəşkəs rejiminin qorunmasının zəruriliyini göstərməkdir. Təmas xətti qonşu xalqlar arasında daimi sədd olmamalıdır və bu addım münaqişədən əziyyət çəkən hər bir bölgəni ziyarət etmək barədə həmsədrlərin öhdəliyinin təsdiqi deməkdir. Qoşunların təmas xəttini qət etməklə bərabər həmsədrlər bölgədəki Tərtər şəhərinin cənub-qərbinə baş çəkiblər. Orta Qərvənd kəndini ziyarət edən həmsədrlər burada 8 mart tarixində baş vermiş insidenti araşdırıblar.
Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Soçi bəyanatına əsaslanaraq həmsədrlər cəbhə xəttində baş verən insidentlərin araşdırılması üzrə mexanizm layihəsini tərəflərə təqdim ediblər. Araşdırmanın şəffaf və obyektiv aparılması, etibarın artırılması və insan həyatının xilası üçün həmsədrlər tərəflərlə işi davam etdirəcəklər.
Həmsədrlər narahatlıqla qeyd edirlər ki, Dağlıq Qarabağda hava limanının açılışı gərginliyi daha da artıra bilər. Onlar bildirir ki, bu hava limanından uçuşlar Qarabağın mövcud statusunu dəyişməyə yönəlmiş cəhdlər üçün istifadə oluna bilməz. Həmsədrlər tərəfləri beynəlxalq konvensiya və razılaşmalara riayət etmək məqsədilə ortaq məxrəcə gəlməyə, həmçinin Azərbaycanla Ermənistan arasında mövcud uçuşlar praktikasını saxlamağa səsləyirlər. Həmsədrlər tərəflərin mülkü təyyarələrə yönəlmiş təhlükələri qəbul etmədikləri, məsələləri diplomatik üsulla və siyasiləşdirmədən həllinə dair vədini alqışlayırlar”.
Bəyanatda qeyd olunur ki, həmsədrlər aprelin sonunda Vaşinqtona səfər edərək ABŞ Dövlət Departamentinin yüksək rütbəli rəsmiləri ilə sülh razılaşması istiqamətində təmasları müzakirə edəcəklər.