Azərbaycana səfər edən Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza Bakını tərk etməzdən əvvəl ANS-ə eksklüziv müsahibə verib
“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi çox yaxındır. Azərbaycan və Ermənistan prezidentlərinin arasında ümumi dil və qarşılıqlı inamın formalaşması bunu deməyə əsas verir”. Bunu Ermənistan və Gürcüstandan sonra, yanvarın 26-da Azərbaycana səfər edən ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza Bakını tərk etməzdən əvvəl ANS-ə eksklüziv müsahibəsində deyib. Amerikalı diplomat Azərbaycanda səfərdə olarkən Xarici İşlər Nazirliyində keçirdiyi görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı son vəziyyəti, o cümlədən də, Azərbaycan və Ermənistan prezidentlərinin, bu ilin mayında Çexiyanın paytaxtı Praqada keçirilməsi planlaşdırılan görüşünə hazırlıq məsələlərini müzakirə edib.
Amerikalı diplomat keçirdiyi görüşlərdən sonra belə hesab edir ki, tərəflər yekun rəyə gəlməyə çox yaxındırlar: “Rəsmi Vaşinqtonda belə bir mövqe formalaşıb ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Türkiyə-Ermənistan münasibətlərinin normallaşması ilə paralel aparılmalıdır. Biz həmsədr olaraq Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə Madrid prinsiplərinə əsaslanan təklifləri vermişik. Mən hesab edirəm ki, Ermənistan-Azərbaycan münasibətlərində hər hansı bir irəliləyişə nail olmuşuq. Bu dəfəki səfərimdə də Bakıda və İrəvanda irəliləyişin olmasını hiss etdim”.
Metyu Brayzanın sözlərinə görə, ümumi dil və qarşılıqlı inamla yanaşı prezidentlər arasında qarşılıqlı hörmət də mövcuddur. “Biz həmsədrlər olaraq bunu inkişaf etdirməli və birgə məqamlar taparaq danışıqların uğurla davam etdirməsinə nail olmalıyıq”.
Metyu Brayza: “Yanvarın 28-də Sürixdə prezidentlərin görüşü zamanı müsbət məqamların şahidi olduq. Heç bir uçurum yox idi. Onlar inamın səviyyəsini möhkəmləndiriblər. Ümid edirəm ki, mayın əvvəlində bu, daha da güclənəcək. Biz həmsədr olaraq onları bir-birinə qarşı öhdəliyini yerinə yetirməyə hazırlamalıyıq. Mən hiss edirəm ki, bu, mümkün ola bilən haldır. Onlar bir-birinə inanır. Mən həmsədr kimi bunu daha da dərinləşdirə bilərəm. Onlar bir-birinə hörmət edirlər. Bu isə həll məqamının nə qədər yaxın olmasını bildirir”.
Regiona səfərinin Gürcüstan hissəsinə toxunan amerikalı diplomat Tiflisin səfər planına sonradan salındığını deyib. Ölkədə baş verənlərə gəldikdə isə, Brayza qeyd edib ki, həm iqtidar, həm də müxalifət ciddi şəkildə demokratiyanın qorunub saxlanılmasına çalışmalıdır. Onun sözlərinə görə, Gürcüstanda demokratik proses yüksələn xətlə inkişaf edir./ANS TV/