Dağlıq Qarabağ münaqişəsinin nizamlanması artıq növbəti il mümkün ola bilər, ATƏT-in Parlament Assambleyasının Dağlıq Qarabağ üzrə xüsusi nümayəndəsi Qoran Lenmarker hesab edir. “Son zamanlar Azərbaycan və Ermənistan rəhbərləri arasında danışıqların aktivləşməsini nəzərə alaraq, artıq yaxın gələcəkdə müsbət nəticələrin əldə olunacağını gözləmək olar”, – ATƏT Xarici İşlər Nnazirləri Şurasının iclası çərçivəsində Lenmarker Afinadakı jurnalistlərə deyib. Onun sözlərinə görə, iki ölkənin xarici siyasət idarələri rəhbərləri bir gün əvvəl Afinada müzakirə aparıblar, danışıqlar bu gün də davam edəcək, “və bu ümid verir”.
Qazaxıstanın növbəti ildə ATƏT-ə sədrliyinin Dağlıq Qarabağ münaqişəsinə təsiri barədə suala cavab verərkən Lenkmarker deyib ki, postsovet ölkələrini bağlayan tarixi və mədəni əlaqələri nəzərə alaraq demək olar ki, Astananın sədrliyi danışıqlara müsbət təsir edə bilər.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.