Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə bildirib. “Biz yanvarda xarici işlər nazirləri səviyyəsində görüş keçirmişdik. Həmin görüşdə bəzi məsələlər açıq qalıb. Belə razılığa gəlindi ki, açıq qalan məsələlər prezidentlər səviyyəsində danışılsın”, – o deyib.
Onun sözlərinə görə, görüşün formatında heç bir dəyişiklik olmayacaq. Nazirin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi üzrə sülh razılığı əldə etmək imkanı həmişə var.
“Görüşdən əvvəl hansı razılığa gələ biləcəyimiz barədə söz demək hələ tezdir, – o deyib. – Belə görüş müsbət haldır. Bu görüşdə hər hansı irəliləyişə nail olub-olmayacağımız Ermənistanın mövqeyindən asılıdır”.
Həmsədr ölkələr danışıqlar prosesinin davam etdirilməsini vacib hesab edirlər, bu barədə həmsədr ölkələrin prezidentləri Kanadanın Toronto şəhərində bəyannamə qəbul ediblər.
“Biz bu bəyannamənin müddəalarına əməl olunacağına ümid edirik”, – nazir deyib.
Onun sözlərinə görə, danışıqlar davam etdirilir, artıq həmsədrlər də tərəfdardırlar ki, münaqişənin həllində irəliləyiş olsun.
“Bunun üçün Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş torpaqlarından geri çəkilməlidir”, – o deyib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib