Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru
Rusiya 2015-ci il ərzində Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı aktivlik nümayiş etdirib:
I. Dağlıq Qarabağ tənzimlənməsində Rusiya üçün 2015-ci il Azərbaycan və Ermənistan prezidentlərinin RF prezidenti V.Putinin iştirakı ilə üçtərəfli formatda 2014-cü ilin sentyabrında Soçi görüşünün nəticəsi ilə müəyyənləşdi. V.Putin 2014-cü ilin sentyabrında Soçidə Dağlıq Qarabağ münaqişəsinin SSRİ dövründə yarandığını, Azərbaycan və erməni xalqlarının Rusiya ilə çoxəsrlik bağlılığını nəzərə alaraq Dağlıq Qarabağ tənzimlənməsində Rusiyaya xüsusi statusun verilməsini təklif etdi. Azərbaycan Prezidenti bu təklifi dərhal qəbul etdi, heç əlavə şərt irəli sürmədi. Ermənistan prezidenti S.Sərkisyan V.Putinin bu təklifini dərhal rədd etdi və Dağlıq Qarabağ tənzimlənməsi ilə yalnız ATƏT MQ-nin məşğul olacağını bildirdi. S.Sərkisyan belə inkarçılıq mövqeyi ilə tənzimləməyə və Rusiyaya həqiqi münasibətini ortalığa qoydu. S.Sərkisyanın Soçidə V.Putini inkar etməsi ilk dəfə deyildi, ikinci dəfə idi. S.Sərkisyan V.Putini ilk dəfə 2014-cü ilin aprelində Kəsab hadisələri zamanı inkar etmişdi; V.Putin sülhməramlı adı ilə Suriyanın ermənilərlə məskunlaşmış Kəsab şəhərinə qoşun yeritməyi Ermənistana təklif etdi. S.Sərkisyan o zaman Suriya məsələsində Qərbin mövqeyini tutdu və V.Putinin təklifindən imtina etdi.
II. Dağlıq Qarabağ tənzimlənməsində Rusiyanın mövqeyini Kreml öz əlinə keçirdi. RF Xİ nazirliyinin bu məsələdə rolu kiçildildi. Əsas təlimatlar Kremldən gəldi. Bu, iki məsələdə özünü göstərdi:
A) RF ATƏT MQ-nin daxilində daha aktivləşdi. ATƏT-in Serbiya ministerialı ərəfəsində yayılan məlumatlardan bəlli oldu ki, Rusiya Yenilənmiş Madrid Prinsipləri əsasında tənzimlənmə variantı hazırlayıb və bu variantı ATƏT MQ-nin digər iki üzvünə də qəbul etdirməklə ATƏT MQ adından Azərbaycan və Ermənistana təqdim olunub. Rusiyanın 2015-ci ildə hazırlayıb həm müstəqil şəkildə, həm də ATƏT MQ həmsədrləri tərəfindən Azərbaycana və Ermənistana təqdim etdiyi təkliflərin mahiyyəti belədir:
ı. Dağlıq Qarabağ ətrafındakı yeddi rayon Azərbaycana qaytarılır.
ıı. Məcburi köçkünlər öz doğma yurdlarına qayıdır.
ııı. Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında dialoq başlanır.
Azərbaycan tərəfindən dördüncü addımı da əlavə edir. Ermənistanla AİB arasında kommunikasiyaların açılmasına şərait yaradır:
B) Rusiya Dağlıq Qarabağ tənzimlənməsində ATƏT MQ çərçivəsində fəaliyyətlə yanaşı, həm də müstəqil fəaliyyət göstərəcəyini açıqladı. Başqa sözlə, V.Putinin Soçi görüşü zamanı irəli sürdüyü təklif reallaşmalıdır.
C) Rusiya Dağlıq Qarabağ tənzimləməsi üçün siyasi-diplomatik həll metodunu təklif etdi. RF-in bu metodu ATƏT MQ-nin dinc tənzimləmə metodundan prinsipial fərqlidir. ATƏT MQ dinc tənzimləmə metodunda tənzimləmədən yayınan tərəfə qarşı hər hansı addımının atılması nəzərdə tutulmur. RF-in siyasi-diplomatik metodu isə tənzimləməni qəbul edən tərəfi həvəsləndirmək, dinc tənzimləməyə maneçilik edən tərəfə isə müxtəlif sanksiyalar tətbiq etməyə imkan verir.
RF-in bütün səyləri və orijinal yanaşması 2015-ci ildə nəticə vermədi:
I. Rusiyanın ATƏT MQ həmsədrləri vasitəsilə ortalığa qoyduğu tənzimləmə variantını Ermənistan rədd edə bildi. Bu məsələdə onun əsas tərəfdaşı ABŞ idi. ABŞ və Ermənistan Cənubi Qafqaz regionunda Rusiyanın maraqlarının güclənməməsində maraqlıdır. Hətta mümkündür ki, Ermənistanın Dağlıq Qarabağ tənzimlənməsindəki indiki mövqeyi antirusiyaçılıqdan daha çox siyasi və maliyyə dividenti əldə etməyə yönəlib. Rusiyanın Cənubi Qafqazda mövqeyinin möhkəmlənməsi indiki mürəkkəb regional və geosiyası proseslərdə Rusiyanın özü üçün həyati əhəmiyyətlidir. Eləcə də Rusiyanın Suriya kampaniyası Rusiyanın Cənublu-Şimallı Qafqaz siyasətini SSRİ dövründəki səviyyəyə qaldırmağı hədsiz vacib edib. Bunun üçün ən təxirəsalınmaz tədbir RF-ın Cənubi Qafqazdakı kommunikasiya boşluğunu aradan qaldırmasıdır. Bu isə Mehri dəmir yolunun işə salınmasını tələb edir. Mehri dəmir yolunun işə düşməsi keçmiş SSRİ-İran dəmir yolu marşrutunun bərpası anlamındadır. Bu, ABŞ-ın maraqlarına cavab vermir. Ona görə də Ermənistan ABŞ-la birlikdə belə müştərək siyasət aparırlar.
II. Rusiya Bern görüşündən narazı qaldı:
a) Rusiya müstəqil addımlar atmaqla Azərbaycan və Ermənistanı Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə stimullaşdıracağını bildirdi.
b) Rusiya əlində olan bütün vasitələrdən istifadə edəcəyini bildirdi. KTMT, AİB və MDB belə vasitələrdəndir.
III. Rusiyanın daxilindəki ermənilər və ermənipərəst rus ekspertləri 2015-ci ildə xeyli aktiv olublar. Rusiyanın maraqları ilə Ermənistanın maraqları onlar üçün ümumiyyətlə kəsişmir. Çünki bu ekspertlər üçün ermənilərin maraqları birmənalı şəkildə Rusiyanın maraqlarından qat-qat üstündür. Dağlıq Qarabağ probleminin həll edilməmiş qalması Rusiyanı nüfuzdan salır, Azərbaycanı Rusiyadan ehtiyatlanmağa təhrik edir. Rusiya Cənubi Qafqazda kommunikasiyasız qalır, amma həmin milliyyətcə rus olan, Ermənistana işləyən ekspertlər Rusiyanın da resurslarını Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməmiş qalmasına yönəldiblər. SSRİ-İran dəmir yolunun işə düşməsini ermənipərəst rus ekspertlər Rusiyanın maraqlarına ən böyük təhlükə kimi təqdim edirlər. Amma keçmiş SSRİ-İran dəmir yolunun işə düşməsinin Rusiya üçün hansı təhlükə yaradacağını həmin ekspertlər izah edə bilmirlər.
2016-cı ildə Dağlıq Qarabağ tənzimlənməsi perspektivində Rusiya əvvəlki siyasətini davam etdirəcək:
ı. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi Azərbaycan və Ermənistandan çox indi Rusiyanın maraqlarına uyğundur.
ıı. Dağlıq Qarabağ tənzimlənməsini siyasətsizləşdirməlidir. Bunun üçün ən fundamental addım Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsidir.
ııı. RF Dağlıq Qarabağ münaqişəsində Ermənistanın destruktiv mövqeyini neytrallaşdırmalıdır. Ermənistanın siyasi kursu və Moskvadakı ermənilərin davranışı Rusiyanın Qafqaz siyasətinin əleyhinədir.
ıv. Rusiya hər halda yaxın vaxtlarda Ermənistan və Azərbaycan prezidentlərinin görüşü üçün təşəbbüs irəli sürə bilər. Rusiyanın təşəbbüsü ilə Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün çoxu məhz ilin əvvəlində, yanvar ayında baş tutub.
v. Rusiya ABŞ-ın mövqeyinin prioritetliyi daxilində Dağlıq Qarabağ tənzimləməsinə razılaşa bilər. Bunun üçün RF yəqin ki, ABŞ-ın təşəbbüs irəli sürməsi üçün müəyyən qədər gözləmə mövqeyində dayana bilər.
vı. KTMT-nin fəaliyyət istiqamətini spesifik aktuallaşdırmaqla Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini yeni fazaya qaldıra bilər.
Ermənistan KTMT-ni Azərbaycanı hədələyən aparata çevirib. Amma KTMT sədrlər şurasına müraciətdən yayınır. Çünki KTMT Ermənistana beynəlxalq hüquqda tanınmış sərhədlər daxilində təhlükəsizliyinə tam təminat verməklə, Ermənistan üçün təhlükənin ən böyük mənbəyini-işğalçılıq siyasətini dayandırmağı tələb edə bilər. Ermənistanda bunu bilirlər. Ona görə, KTMT baş katibinə və icra strukturlarına müraciət etməklə Azərbaycanı hədələyən bəyanatlara nail olurlar, KTMT Sədrlər şurasına isə müraciətdən yayınırlar. Hər halda Rusiya güclü sülhpərvər görünməkdə
vıı. AİB-ə üzv olarkən Ermənistan Dağlıq Qarabağı öz tərkib hissəsi hesab etməyəcəyi ilə bağlı öhdəlik götürüb. Ermənistan 2015-ci ilin yanvarın 1-dən AİB-ə üzv olsa da, AİB və AİK-də tam formatlı rəsmi fəaliyyəti 2016-cı ilin fevralından başlayacaq. Tiqran Sərkisyanın AİK-ə sədrliyi Ermənistanı AİB qarşısında götürdüyü bu öhdəliyin reallaşması ilə başlaya bilər.
vııı. MDB-nin 2015-ci ildə Qazaxıstanda keçirilən son sammiti zamanı MDB üzv dövlətlərinin xarici sərhədlərinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı kompleks tədbirlər planı qəbul etdi. 2016-2020-ci illəri əhatə edən bu proqramın ilk tərkib hissələrindən biri Ermənistanın işğal etdiyi Azərbaycan – İran sərhədini işğaldan azad etməsi olmalıdır. Azərbaycan – İran sərhədi MDB-nin xarici sərhədidir və terrorizm təhlükəsinə məruz qalmaq riski çox yüksəkdir.
KTMT, AİB və MDB çərçivəsində qəbul edilən bu analoji qərarların icrasına nəzarət RF-in üzərindədir.
Rusiyanın, rus xalqının köklü maraqları Dağlıq Qarabağ münaqişəsinin həllini tələb edir:
ı. Rusiya Cənubi Qafqazda mövqeyini möhkəmləndirməlidir. Bu da Dağlıq Qarabağ münaqişəsinin həllini tələb edir.
ıı. Rusiya regionda sabitliyin uzun müddətli və davamlı əsaslarının yaranmasını tələb edir.
ııı. Rusiya Qafqaz və ön Asiyada uzun müddətli, stabil davamlı siyasət aparması üçün Azərbaycan Respublikası ilə bir-birini tamamlayan qarşılıqlı əlaqəyə ciddi ehtiyac hiss edir. Bu da həm Dağlıq Qarabağ münaqişəsinin həlli, həm də tarixi Zəngəzur probleminin həllini tələb edir.