Bu gündən ATƏT-in Bakı Ofisi, Azərbaycan Prezidentinin İcra Aparatı (PİA) və Mərkəzi Seçki Komissiyası (MSK) seçki prosesinə müdaxilələrin qarşısının alınmasına dair informasiya sessiyalarına başlayıb.
Lent.az-ın məlumatına görə, bu münasibətlə geniş tədbir keçirilib. Tədbirdə bildirilib ki, sessiyalar zamanı icra hakimiyyəti başçıları və dairə seçki komissiyalarının (DSK) sədrləri seçki prosesinə müdaxilənin qarşısının alınmasına dair seçki qanununun tələbləri barədə məlumatlandırılacaq. Bundan başqa, tədbir iştirakçılarına ATƏT-in demokratik seçkilərə dair öhdəlikləri kontekstində məhz hansı halların seçkiyə müdaxilə kimi qiymətləndirilməsinə dair praktiki nümunələr veriləcək.
İlk sessiyada Bakı şəhərinin rayon icra hakimiyyətləri başçıları iştirak edib.
Tədbirdə iştirak edən ATƏT-in Bakı Ofisinin rəhbəri vəzifəsini icra edən Aleksis Şahtaxtinski başlıca məqsədlərini açıqlayıb: “Başlıca məqsədimiz azad və şəffaf seçkilərin əsas prinsiplərini vurğulamaqdır”.
MSK sədri Məzahir Pənahov seçki prosesinə müdaxilənin qarşısının alınmasının əhəmiyyətini vurğulayaraq seçicilərin öz konstitusion hüquqlarını həyata keçirilməsi üçün MSK-nın gördüyü işlər haqqında sessiya iştirakçılarını məlumatlandırıb.
PİA-nın İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov isə referendumun çox ciddi aksiya olduğunu deyib. Onun sözlərinə görə, seçki institutları və yerli hakimiyyət orqanları bu sahədə bütün lazımi tədbirləri görməlidir: “Əsas məsələ hər bir vətəndaşa öz iradəsini ifadə etmək üçün azad şəraitin yaradılması və seçicilərin təklif olunan dəyişikliklərlə bağlı hərtərəfli maarifləndirilməsi olmalıdır”.
Ə.Həsənov bəzi hallarda icra hakimiyyəti nümayəndələrinin seçicilərin az olmasını faciə kimi görməsini bildirib: “Bəzən bunu faciə kimi görürlər. Ona görə də seçiciləri avtobusa yığaraq səsvermə məntəqəsinə göndərirlər. Seçicilərin məntəqəyə avtobusla aparılması pis hal deyil. Ancaq bu, tərəflidirsə, yaxşı hal deyil”.
Qeyd edək ki, informasiya sessiyaları Bakı ilə yanaşı Gəncə və Şirvan şəhərlərində də keçiriləcək.