Cari ilin 9 ayında 22,5 min nəfərə yaxın işsiz və işaxtaran vətəndaşın məşğulluğu təmin olunub

Cari ilin 9 ayında 22,5 min nəfərə yaxın işsiz və işaxtaran vətəndaşın məşğulluğu təmin olunubƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti (DMX) ölkəmizdə daim artan məşğulluq imkanlarından səmərəli istifadə olunmaqla işsiz və işaxtaran vətəndaşların məşğulluğunun təmin olunması istiqamətində cari ilin yanvar-sentyabr aylarında da məqsədyönlü tədbirlər həyata keçirib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, hesabat dövründə DMX tərəfindən ümumilikdə 22 min 470 nəfər işsiz və işaxtaran vətəndaş münasib iş yerləri ilə təmin edilib. Bu dövrdə məşğulluq orqanlarında qeydiyyata alınmış və xüsusi peşə hazırlığı olmayan işaxtaran və işsiz vətəndaşlardan 1200 nəfərə yaxını idarə, müəssisə və təşkilatlarla bağlanmış müqavilələr əsasında haqqı ödənilən ictimai işlərə cəlb olunub.

İşsiz və işaxtaran vətəndaşların əmək bazarına çıxışının asanlaşdırılması və məşğulluq imkanlarının artırılması üçün onların peşə bacarıqlarının inkişaf etdirilməsi diqqətdə saxlanılıb.

Cari ilin 9 ayında DMX 2776 nəfər vətəndaşı kompyuter istifadəçisi, bərbər, qaynaqçı, dərzi, tikişçi, dülgər, qənnadçı, mebel quraşdırıcısı və s. peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edib. Peşə hazırlığı və əlavə təhsil kurslarını bitirən şəxslərin yiyələndikləri peşələr üzrə münasib iş yerləri ilə təmin olunması üçün müvafiq işlər də görülüb.

Yanvar-sentyabr aylarında Bakı, Sumqayıt, Gəncə, Mingəçevir şəhərlərindəki əmək birjaları vasitəsilə 3089 nəfər müvəqqəti xarakterli işlərlə təmin olunub. Onların 1675 nəfərini qadınlar təşkil edib.

AZƏRTAC

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO