Böyük Britaniya parlamentinin nümayəndə heyəti Bakıda səfərdədir


Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin və Londonda yerləşən Avropa Azərbaycan Cəmiyyətinin birgə təşkilatçılığı ilə Britaniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlərindən ibarət nümayəndə heyəti Bakıda səfərdədir.
AHİK-in mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, nümayəndə heyəti səfər çərçivəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında da olub.
Konfederasiyanın sədri, millət vəkili Səttar Mehbalıyev qonaqları salamlayaraq belə görüşlərin ölkələrimiz arasındakı ikitərəfli əməkdaşlığın daha da genişlənməsi və möhkəmlənməsi istiqamətində mühüm rol oynadığını nəzərə çatdırıb.
Mehbalıyev qonaqlara Azərbaycan Həmkarlar İttifaqlarının yaranmasından, ötən dövrdə keçdiyi tarixdən danışıb, fəaliyyət sahələri, strukturu barədə məlumat verib. O, qeyd edib ki, Azərbaycan Həmkarlar İttifaqları hərəkatı XIX əsrin 60-cı illərindən formalaşmağa başlayıb. AHİK – Azərbaycan Respublikası işçilərinin ən iri həmkarlar ittifaqı birliyi olaraq, ətrafında 1 milyon 600 min insanı əhatə edən 26 üzv təşkilatı birləşdirir. AHİK-in üzv təşkilatlarında 17 173 həmkarlar ittifaqı təşkilatı fəaliyyət göstərir. Mülkiyyət münasibətlərinin dəyişdirilməsi ilə bağlı xarici, özəl və birgə müəssisələrdə həmkarlar ittifaqlarının təsis olunması diqqət mərkəzindədir. Hazırda 3778 xarici, özəl və birgə müəssisədə həmkarlar ittifaqı təşkilatı təsis edilib ki, onlar da öz ətrafında 167 859 ittifaq üzvünü birləşdirir.
Konfederasiya sədri qeyd edib ki, AHİK dünyanın 46 beynəlxalq təşkilatı və milli həmkarlar ittifaqı mərkəzləri ilə əməkdaşlıq qurub, bir çox ölkələrin həmkarlar ittifaqları mərkəzləri ilə əməkdaşlıq haqqında müqavilələr imzalayıb. 2001-ci ilin noyabr ayından AHİK dünya həmkarlarının ən böyük ictimai qurumu olan, özündə 156 ölkədən 174 milyon həmkarlar ittifaqı üzvünü birləşdirən Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür. AHİK tərəfindən həyata keçirilən bütün tədbirlərin məqsədi həmkarlar ittifaqı üzvlərinin sosial-iqtisadi hüquqlarının müdafiəsinin qanunauyğun şəkildə təmin olunması, onun rifahının yaxşılaşdırılmasıdır.
Böyük Britaniya parlamentinin nümayəndə heyətinin üzvləri səmimi qəbulə görə minnətdarlıq edib, Azərbaycan Həmkarlar İttifaqlarının fəaliyyəti barədə dolğun məlumat aldıqlarına görə Mehbalıyevə təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, Britaniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlərinin Bakıya səfərinin məqsədi Azərbaycan ilə Böyük Britaniya arasında mövcud siyasi və iqtisadi əlaqələri daha da inkişaf etdirmək, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərlə daha yaxından tanış olmaqdan ibarətdir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO