Orta məktəblərdə keçirilmiş buraxılış imtahanlarının nəticələrini təhlil edərkən vəziyyətin biz düşündüyümüzdən də aşağı olduğunu gördük. Trend-in məlumatına görə, bunu cümə günü 2012-2013-cü tədis ili üçün tələbə qəbulunun nəticələrinə həsr edilən tədbirdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə deyib.
“Buraxılış imtahanlarının nəticələrini təhlil edərkən gördük ki, vəziyyət biz düşündüyümüzdən də aşağıdır. Qəbul imtahanlarında iştirak etməyənlərin nəticələri iştirak edənlərin nəticələrindən daha aşağıdır. Gördük ki, indiyə kimi qəbul imtahanlarının nəticələri əsasında orta məktəbdə olan vəziyyətlə bağlı söylədiyimiz fikirlər düzdür”, – Abbaszadə deyib.
Bakı şəhərinin abituriyentlərinin qəbul göstəriciləri haqqında məlumat verən komissiya sədri qeyd edib ki, 2012-ci ildə paytaxtın ümumtəhsil müəssisələrini 21837 şagird bitirib, onların 20166 nəfəri buraxılış imtahanında iştirak edib və 19518 nəfəri hər iki fənn üzrə müvəffəq qiymət alıb. Şəhərin məzunlarının buraxılış imtahanında ana dili fənni üzrə topladıqları orta bal 18,31, riyaziyyat fənni üzrə topladıqları orta bal 17,30, hər iki fənn üzrə birlikdə topladıqları orta bal 35,61-ə bərabərdir. Bu, respublika üzrə orta göstəricidən müvafiq olaraq 17,22%, 21,11%, 19,08% yuxarıdır. Buraxılış imtahanında ana dili fənni üzrə məzunların 1,10%-i “2”, 39,80%-i “3”, 39,57%-i “4”, 19,53%-i “5”, riyaziyyat fənni üzrə isə 2,49%-i “2”, 39,08%-i “3”, 42,44%-i “4”, 15,99%-i “5” qiymət alıb. Ümumilikdə 20250 nəfər attestat alıb. Attestat alanların 88,11%-i (17842 nəfəri) qəbul imtahanlarında iştirak edib.
Qəbul imtahanlarının nəticələrinə əsasən şəhərin 9234 məzunu (imtahanda iştirak edənlərin 51,75 faizi) tələbə adını qazanıb. Onların 34,04% (3143 nəfəri) dövlət, 0,80% (74 nəfəri) özəl ali təhsil müəssisələrinə dövlət sifarişi üzrə, 48,83% (4509 nəfəri) dövlət, 16,33% (1508 nəfəri) özəl ali təhsil müəssisələrinə ödənişli təhsil forması üzrə qəbul olub.
Şəhərin məzunlarının 1580 nəfəri 500-dən, o cümlədən 442 nəfəri 600-dən yuxarı bal toplayıb.
Abituriyentlərin ən çoxu Azərbaycan Dövlət İqtisad Universiteti və Bakı Dövlət Universitetinə qəbul olub.
Abbaszadə deyib ki, Bakı abituriyentlərinin qəbul imtahanlarında topladıqları orta bal 238,911-ə bərabərdir. Bu, respublika üzrə orta göstəricidən 7,4% yuxarıdır. Onun sözərinə görə, Bakı şəhərinin abituriyentlərdən 0-100 intervalında 25,37% (4526 nəfər), 100-200 intervalında 21,74% (3878 nəfər), 200-300 intervalında 19,48% (3475 nəfər), 300-500 intervalında 24,57% (4383 nəfər), 500-dən yuxarı 8,86% (1580 nəfər) bal toplayıb.
Beləliklə, şəhərin abituriyentlərinin yalnız 33,42%-i 300-dən yuxarı bal toplayıb.
Şəhərin attestat qiymətləri əla olan abituriyentlərindən 2,30%-i 200 baldan aşağı nəticə göstərib. 500 baldan yuxarı nəticə göstərərək məktəb nailiyyətlərini təsdiq edənlər isə cəmi 51,29%-dir.