Bu gün Azərbaycanda Bilik Günüdür. Trend-in məlumatına görə, 2013-2014-cü dərs ilində ölkənin ümumtəhsil məktəblərinin birinci siniflərinə 141166 şagirdin gedəcəyi gözlənilir. Onlardan 74998 nəfəri oğlan, 66168 nəfəri isə qızdır. 2012-2013-cü dərs ilində ümumtəhsil məktəblərində I sinif şagirdlərinin faktiki sayı 135541 nəfər olub. Onların da 73182-si oğlan, 62359 nəfəri qızdır.
Yeni tədris ilində Bakı şəhərindəki ümumtəhsil məktəblərinin I sinfinə 36102 şagirdin qəbulu gözlənilir. Bu il Bakı şəhəri üzrə xüsusi istedada malik 2400-ə yaxın uşaq I sinfə qəbul olunub.
Bu il 33745 abituriyent ilk dəfə olaraq tələbə kimi ali məktəbə gedəcək.
Təhsil naziri Mikayıl Cabbarovun əmri ilə 2013-2014-cü tədris ilindən başlayaraq ümumtəhsil müəssisələrinin V-XI siniflərində ilk dərs “Mənim Vətənim – doğma yurdum” mövzusuna həsr olunacaq.
Həmin mövzuda keçirilən dərslərdə Heydər Əliyevin Vətən və xalq qarşısında müstəsna xidmətlərinin izahına, Azərbaycanın dövlət rəmzləri haqqında şagirdlərin biliklərinin möhkəmləndirilməsinə, onlarda respublikanın, eləcə də yaşadıqları ərazinin flora və faunası, tarixi və mədəni abidələri, görkəmli şəxsiyyətləri, ölkəmizin dünya birliyində mövqeyi, son dövrlərdə qazandığı nailiyyətlər, Vətən uğrunda şəhid olmuş qəhrəmanlar barədə məlumatların artırılmasına xüsusi diqqət yetiriləcək.
Xatırladaq ki, sentyabrın 15-i bazar gününə təsadüf etdiyi üçün, yeni tədris ilinin ilk dərs günü sentyabrın 16-da başlayacaq.