“BÜTÜN SİYASİ QÜVVƏLƏR ARASINDA DİALOQ BAŞLAMALIDIR”

Andres Herkel: “Tərəflərin hamısı məsuliyyətli olmalıdırlar”

“Müsbət iradə olarsa, yaxşı seçki keçirilə bilər”

Dünən AŞPA-nın Azərbaycanda seçkiqabağı vəziyyəti qiymətləndirən beş nəfərdən ibarət müşahidə missiyası ölkəyə səfərlərinin yekunu ilə bağlı mətbuat konfransı keçiriblər. Nümayəndə heyətinin rəhbəri Andres Nerkel bildirib ki, missiyada müxtəlif ölkələr və siyasi qruplar təmsil olunub. Bunun monitorinq səfəri olmadığını deyən çıxışçı bu səbəbdən də iyunda Strasburqda qəbul edilən qətnamə ilə bağlı fikir söyləməyi planlaşdırmadığını vurğuladı: “Həmçinin 15 oktyabr seçkiləri ilə bağlı da bəribaşdan fikir ifadə etmək niyyətimiz yoxdu. Sadəcə seçkiqabağı vəziyyəti qiymətləndirən bəyanatımız olacaq”.
A.Herkel onu da deyib ki, nümayəndə heyətinin tərkibində müxtəlif ölkələri və siyasi partiyaları təmsil edən parlamentarilər olduğundan bəyanatın mətni ilə bağlı bəzi kompromislərə gedilib. Mətnin son variantında ümumi mövqe əks olunub. Sonra A.Herkel nümayəndə heyəti adından bəyanatla çıxış edib. Bəyanatda seçkiqabağı vəziyyətlə bağlı müsbət və mənfi məqamlar qeyd olunub. Bildirilir ki, yaxşı seçkilərin keçirilməsi üçün müəyyən irəliləyişlər var. Avropa Şurası Venesiya Komissiyasının bir sıra tövsiyələri nəzərə alınsa da, onların heç də hamısı tam şəkildə həyata keçirilməyib. Bununla belə nümayəndə heyəti qəbul edir ki, seçki komissiyalarında bərabər təmsil olunma və ya kampaniyanın ədalətli həyata keçirilməsi kimi bəzi mühüm məsələlər qanunun mətnindən daha çox seçki təcrübəsinə aid məqamlardı. Azərbaycan rəsmilərinin Avropa standartlarına cavab verən seçkilərin keçirilməsi barədə fikirlərinin nümayəndə heyəti tərəfindən müsbət qarşılandığı da bəyanatda yer alıb. Qeyd edilib ki, cəmiyyətin seçkilərə maraqsız olduğu barədə ehtimallardan narahat olan nümayəndə heyəti arzulayır ki, seçicilərin sentyabrın 17-dən başlanılan təşviqat kampaniyasına marağı getdikcə artsın. “Prezidentliyə 7 namizədin qeydə alınması ilə rəqabət şəraitinin təmin olunacağı gözlənilsə də, beş müxalifət partiyasının seçkilərdə iştirak etməmək barədə qərarı bu seçkilərin ən uğursuz cəhətidir. Əgər hətta siyasi partiya və onun liderləri seçki yolu ilə hakimiyyətə gəlmək üçün real imkanların mövcud olduğunu görmürlərsə, yaxud demokratik hüquqlarının pozulduğu, məhdudlaşdırıldığı qənaətindədilərsə, yenə də öz ardıcıllarının maraqları naminə seçki marafonunda iştirak etməlidirlər” deyə bəyanatda vurğulanır. Nümayəndə heyəti seçkidə iştirak etməyən partiyalar da daxil olmaqla bütün siyasi qüvvələri təcili olaraq məsuliyyətli davranmağa və öz aralarında dialoqa dəvət edir: “Aralarındakı fərq nə olursa olsun, bütün siyasi partiyalar qarşılıqlı ittihamlardan çəkinməli və bunun əvəzində əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi ilə konstruktiv şəkildə birgə məşğul olmalıdırlar”. Əlavə olaraq A.Herkel prezidentin avqust ayında imzaladığı əfv fərmanını alqışladığını və növbəti əfvi gözlədiklərini deyib.
Amma o, jurnalistlərin hələ də həbsdə qalmasını mənfi məqam kimi qiymətləndirib. Seçkilərin şəffaf monitorinq edilməsinə böyük ehtiyac olduğunu vurğulayan A.Herkel bu baxımdan Seçki Monitorinq Mərkəzinin qeydiyyatının ləğvindən məyus olduğunu önə çəkib. O, həmçinin məsələnin müsbət həllini tapacağına ümid etdiyini bildirib.
Jurnalistlərin suallarını cavablandıran A.Herkel boykot qərarını dəstəkləmədiyini bildirib. Bunun həmin partiyaların liderləri və demokratik inkişaf üçün müsbət hal olmadığını vurğulayan AŞPA təmsilçisi müxalifət liderləri ilə görüşdə də bu fikrini səsləndirdiyini və onların da bu motivləri yaxşı başa düşdüyünü söyləyib.
Çıxışçı həmçinin Bakı meriyasının aksiyalar üçün ayrıdığı yerlərlə bağlı müxalifətin narazılığına da toxunub: “Hökumət nümayəndələri ilə görüşdə bu məsələni qaldırdım və onlar həmin yerlərin bəzilərinin görüşlərin keçirilməsi üçün əlverişli olduğunu bildirdilər”. Seçkilərə marağın olmaması ilə bağlı suala isə A.Herkel belə cavab verib: “Bu otaqda seçkilərə marağın böyük olmasının şahidiyəm. Ümid edirik ki, bundan sonra seçkiyə maraq artacaq”. A.Herkel bəzi müxalifət partiyalarının seçkinin legitimliyini tanımamaqla bağlı bəri başdan bəyanat vermələrinə münasibət bildirməyib. Sadəcə “Avropa Şurası seçkiləri izləməyə müşahidə missiyası göndərmək qərarını qəbul edib” deyə söyləyib. A.Herkel bəyanatda daha çox müxalifətin məsuliyyətindən söhbət getməsi ilə də razılaşmayıb. “Həmişə Azərbaycanda rəsmilər və müxalifət nümayədələri ilə görüşəndə siyasi qüvvələr arasında dialoqun yaradılmasının zəruriliyini qeyd edirəm. Ölkədəki bütün siyasi qüvvələr məsuliyyəti olmalıdır” deyə vurğulayıb.
A.Herkel seçki mühitinin qiymətləndirilməsi ilə bağlı şəxsi mövqeyini də açıqlamayıb: “Bəyanat kompromis yolu ilə qəbul edilib. Ona hansı şəkildə nail olduğumuzu açıqlamağa ehtiyac yoxdu. Bu elə məqamdır ki, Azərbaycandakı siyasi qüvvələr də onu öyrənməlidir”.
AŞ təmsilçisi həmçinin bildirib ki, qanunvericilik baxımından atılan addımlar ölkədə ədalətli və azad seçkilər keçiriləcəyini deməyə əsas verir. “Amma tövsiyələrin heç də hamısı yerinə yetirilməyib. Bununla belə hansısa namizədin qeydə alınmaması, yaxud namizədliyinin ləğvi ilə bağlı məlumat almamışam. Buradan mesajımızı seçkidə iştirak etməyən siyasi partiyalara göndərib deyirik ki, onların demokratik maraqlarını o zaman müdafiə edə bilərik ki, seçki marafonunda iştirak etsinlər. Seçki mühitinə qiymət vermək mürəkkəbdi, amma siyasətçilər nikbin olmalıdı”.
A.Herkel əvvəlki səfərlərindən fərqli olaraq bu dəfə daha loyal mövqe nümayiş etdirməsi və bunun bəyanatda da əks olunması ilə bağlı jurnalistlərin fikirləri ilə razılaşmayıb: “Biz sadəcə indi fərqli formatda işləyirik. Əvvəl söylədiklərimi də inkar etmirəm”. Nümayəndə heyətinin digər üzvləri Belçikadan olan parlamentari Raul Vili, Almaniyadan olan Haqqı Keskin, Estoniyalı İndrek Saar da bəyanatın yumuşaq yazılması fikrini bölüşməyiblər. Qeyd edilib ki, Herkel idiyə kimi hökumətin ünvanına kəskin tənqidlər səsləndirib. “Amma budəfəki səfər fərqli xarakter daşıyır. Seçkilərin hansı şəkildə keçiriləcəyi proqnozlaşdırmaq bizim səlahiyyətimizə aid deyil. Biz proqnoz verə bilmərik. Sadəcə şəraiti qiymətləndirə bilərik” deyiblər. Seçkilərin alternativsiz keçirilməsinə gəlincə, A.Herkel deyib ki, missiya keçirdiyi görüşlərdə rəqabət şəraitinin az olduğu ifadəsindən istifadə edib: “Alternativlər kifayət qədər deyil. Amma müxalifət seçkilərdə iştirak etmədiyi üçün bəyanatda seçkilərə ictimai marağın az olmasını yazmışıq. Məncə bu rəqabət şəraitinin az olması deməkdir”. Sonda A.Herkel prezidentlə görüşdə həbsdə olan redaktorların məsələsinin müzakirə olunduğunu deyib: “Prezident bu məsələdə istəsə hansısa addım ata bilər. Bu problem həmişə AŞ-nın diqqətindədir”.
A.Herkel həmçinin jurnalistlərin istehza ilə verdiyi “Avropa Şurası baş katibinin İlham Əliyevi təbrik etmək üçün məktubu indidən hazırdır, yoxsa onu 15 oktyabrdan sonra yazacaq” sualına isə elə həmin tonda “məndə belə bir məktub yoxdur” cavabını verib.
Jurnalistlərin israrla verdiyi “siz azad və ədalətli seçkilər üçün şərait olduğunu düşünürsünüz” sualına isə A.Herkel birmənalı cavab verməyib. O, qanunvericilik baxımdan atılan addımların belə seçkilərin keçirilməsinə imkan verdiyini vurğulayıb: “Təəssüflər olsun ki, irəli sürülən tövsiyələrin heç də hamısı yerinə yetirilməyib. Amma yenə də təkrar etmək istəyirəm ki, müsbət iradə olarsa, yaxşı seçki keçirilə bilər”.

Sevinc TELMANQIZI

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO