Brüsseldə Xocalıya dair kitabın təqdimatı keçirilib

Brüsseldə Xocalıya dair kitabın təqdimatı keçirilib Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qurbanları – bir milyondan çox azərbaycanlı məcburi köçkün və qaçqınların problemləri hər il 20 iyun tarixində qeyd olunan BMT Ümumdünya Qaçqınlar Günündə diqqət mərkəzində olur. Belə ki, iyunun 20-də Brüsseldəki “Press Club Brussels Europe” da “Khojaly Witness of a war crime – Armenia in the Dock” (“Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhimlər kürsüsündə”) adlı kitabın təqdimatı keçirilib.

Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) Trend-ə verilən məlumata görə, Cəmiyyətin Brüssel ofisi tərəfindən təşkil edilmiş tədbirdə Azərbaycanın Belçika Krallığındakı fövqəladə və səlahiyyətli səfiri və Avropa İttifaqı yanında Daimi Nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov, Azərbaycanın NATO yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Xəzər İbrahim, Avropa İttifaqı və Belçika diplomatları, mətbuat və QHT nümayəndələri, Azərbaycan diasporunun fəalları və beynəlxalq hüquq tərəfdarları iştirak ediblər.

TEAS-ın Brüssel ofisinin direktoru Mark Vervilgen öz giriş nitqini BMT-nin baş katibi Pan Gi Munun sözləri ilə başlayıb: “Qaçqınlar da başqaları kimi adi insanlardır, sizin və mənim kimi. Onlar deportasiyaya məruz qalmazdan əvvəl adi həyat tərzi keçirirdi. Onların ən böyük arzusu yenidən öz evlərində və ölkələrində normal yaşaya bilməkdir”.

O, nitqini davam edərək bildirib ki, bugünkü tədbirin əsas məramı bir milyondan çox azərbaycanlının ədalətsizliyin qurbanı olması faktını buraya toplaşanların diqqətinə çatdırmaqdır. Onlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz evlərini və doğma torpaqlarını zorla tərk etməli olublar. Bu, Avropada olan ən böyük məcburi köçkün kontingentidir. Azərbaycan dünyada adambaşına ən çox məcburi köçkünü olan ölkələrdən biridir.

M.Vervilgenin sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının, BMT Baş Assambleyasının, Avropa İnsan Hüquqları Məhkəməsinin və Avropa Şurasının Parlament Assambleyasının Ermənistanın işğalçılıq siyasətini pisləməsi haqqında qəbul etdiyi müvafiq qətnamələrə baxmayaraq, 20 ildən çoxdur ki heç nə dəyişməyib.

Daha sonra “Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhimlər kürsüsündə” kitabından bəhs edən M.Vervilgen vurğulayıb ki, Ermənistan 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş vermiş kütləvi insan qırğını ilə bağlı etdiyi cinayətlərə görə məsuliyyətini inkar etməkdə davam edir. Bunlar hazırda Ermənistan prezidenti, o zaman isə səhra komandiri olan Serj Sarkisyan tərəfindən təşkil edilib.

Azərbaycanın Belçika Krallığındakı fövqəladə və səlahiyyətli səfiri və Avropa İttifaqı yanında Daimi Nümayəndəliyinin rəhbəri F.İsgəndərov bildirib: “Mən bu müharibənin həm şahidi, həm də qurbanıyam. Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində torpaqlarımızın təqribən 20 faizi işğala məruz qalıb. Bir milyondan çox azərbaycanlı öz torpağında məcburi köçkün və qaçqın vəziyyətində yaşayır. Xocalı qırğını mülki əhaliyə təsviredilməz şəkildə təsir göstərib. Ümumilikdə, 613 nəfər mülki şəxs öldürülüb. Ölənlər arasında qadın və uşaqlar da vardı. Yüzlərlə insan itkin düşüb. Ermənilər öz evlərindən qaçmağa məcbur olan və ailə üzvlərini itirən dinc mülki əhaliyə atəş açmışdı. Bu faciə 24 il bundan öncə baş verib. Xocalı faciəsi haqqında məlumatlı olmağınız bizə gələcəkdə bu cür faciəvi ssenarinin təkrarlanmasının qarşısını almağa yardım edəcək. Bütün beynəlxalq təşkilatlar qəbul edir ki, hazırkı status-kvo davamlı ola bilməz”.

Kitabın ərsəyə gəlməsi haqqında bəhs edən nəşrin redaktoru İan Peart bildirib: “İlk növbədə, biz həqiqəti bərqərar etmək istəyirdik. Xocalı faciəsinə dair materialları dərindən bilən əcnəbi mütəxəssislərin iştirakı ilə tərtib olunan “Khojaly Witness of a war crime. Armenia in the dock” kitabı kompozisiyasına və əhatə etdiyi təkzibedilməz sənəd və materiallara görə sözün əsil mənasında unikal bir nəşrdir. Burada Xocalı hadisələrinin şahidlərinin müsahibələri, faciə barədə beynəlxalq dövri mətbuatın materialları, xarici tədqiqatçıların mövqeyi, beynəlxalq təşkilatların hesabatları və xarici fotoqraflar tərəfindən çəkilmiş nadir fotolarla tanış olmaq mümkündür.

Biz güllələrdən qaça bilən və bəxti gətirmiş insanlardan müsahibə almağa nail olduq. Bu, inanılmaz dərəcədə çətin oldu. Ona görə ki, bu ifadələr həm müsahibə vərənlər, həm də kitab tərtibatçıları üçün çox ağrılı idi. Gəlin rəqəmlər haqqında yox, insanlar haqqında danışaq. Məsələn, o vaxt 12 yaşında olan və qohumu ilə birgə canını qurtara bilən Yasəmən Həsənova haqqında. Onun atası özünümüdafiə qüvvələrinin sıralarında döyüşüb və sonradan həlak olub. Anası isə itkin düşmüşdü. Və bir neçə il sonra, o, anasının cəsədini televiziyada nümayiş etdirilən arxiv çəkilişlərində görmüşdü. O, quyudan su götürdüyü zaman güllə ilə vurulmuşdu. Yasəmən deyir ki, heç vaxt düşünməzdi ki, kimsə anasının əsir götürülmədən öldürüldüyünə sevinə bilər. Hazırda Yasəmən müəllimədir. Şagirdləri ondan Xocalı haqqında soruşanda o deyir: “Mən onlara Xocalının əski tarixindən və nə qədər gözəl olduğundan danışıram”. Xahiş edirəm, öz torpaqlarına qayıtmaq istəyən bu insanlara yardım etmək üçün bütün imkanlarınızdan istifadə edin”.

Sual-cavab sessiyasında çıxış edən Belçikadakı Ermənistan səfirliyinin diplomatının şərhinə İ.Peart belə cavab verib: “Britaniyalı jurnalist Tomas de Vaalın “Qara Bağ” (“Black Garden”) kitabında Ermənistan prezidenti Serj Sarkisyandan sitat gətirilir. Ondan Xocalı qətliamı haqqında soruşulanda o belə cavab verib: “Xocalıdan əvvəl azərbaycanlılar düşünürdü ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməz. Biz bu stereotipi sındıra bildik”.

Qeyd edək ki, ilk dəfə ingilis dilində nəşr olunan bu toplu 2014-cü ildə Londonun “ITHACA Press” nəşriyyatında işıq üzü görüb. Kitab rus, türk və fransız dillərinə tərcümə edilib. Kitab tanınmış Qərb nəşriyyatları tərəfindən Xocalı faciəsi haqqında nəşr edilən ilk topludur.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO