Fevralın 26-da Xocalı soyqırımının növbəti ildönümü ilə bağlı Belçika Azərbaycanlıları Cəmiyyətinin təşkilatçılığı ilə Brüssel şəhərində yürüş-mitinq keçirilib.
Trend-in məlumatına görə, yürüş-mitinq Ermənistan səfirliyinin qarşısından start götürərək, Avropa Komissiyasının inzibati binası qarşısında yekunlaşıb. Yürüşdə Belçikada yaşayan soydaşlarımız, eyni zamanda, türk diasporunun nümayəndələri iştirak ediblər.
Yürüş boyu səsgücləndiricilər vasitəsilə “Xocalıya ədalət”, “Qarabağ Azərbaycan torpağıdır”, “Sarqsyan – cinayətkar” kimi şüarlar səsləndirilib, yoldan keçən insanlara Xocalı faciəsi ilə bağlı bukletlər təqdim edilib.
Ermənistan səfirliyinə Belçika Azərbaycanlıları Cəmiyyətinin hazırladığı bəyanat təqdim edilib.
Yürüş-mitinq AzTV və TRT-nin Brüssel bürosu tərəfindən lentə alınıb.