BQXK-nın Bakı ofisindən verilən məlumata görə, Komitənin əməkdaşları Ermənistanda saxlanılan hərbi əsir Roman Hüseynova baş çəkib, onun saxlanma şəraiti, səhhəti ilə bağlı monitorinq aparıblar.
Hərbi əsirin ailəsinə yazdığı məktub BQXK-nın Azərbaycandakı nümayəndəliyinə göndərilib.
Əsirin məktubu ailəsinə təqdim edilib.
Ermənistanın silahlı qüvvələri tərəfindən 27 avqust 2010-cu il tarixdə Azərbaycan Ordusunun kiçik çavuşu Roman Hüseynov əsir götürülüb.
Martın 17-də Azərbaycan və Ermənistan əsir və mülki şəxsin mübadiləsini həyata keçirib. BQXK-nın vasitəçiliyi ilə Azərbaycan erməni tərəfə mülki şəxs Artur Badalyanı təhvil verib. Əsirlikdə olan azərbaycanlı hərbi qulluqçu Anar Hacıyev isə Azərbaycana qaytarılıb.
Kiçik çavuş Anar Hacıyev 10 may 2009-cu il tarixdə əsir götürülmüşdü.
Hacıyev barəsində Milli Təhlükəsizlik Nazirliyi tərəfindən Cinayət Məcəlləsinin dövlətə xəyanət (274-cü) maddəsi ilə cinayət işi başlanıb, barəsində həbs qətimkan tədbiri seçilib.