BMT Baş Assambleyasının (BA) 62-ci sessiyasının prezidenti Dağlıq-Qarabaq məsələsinin Baş Assambleyada qaldırılmasını regiona beynəlxalq marağın artmasının əlaməti hesab edir. “Azərbaycanın Dağlıq Qarabağ məsələsini BMT-nin Baş Assambleyası səviyyəsində qaldırması bu regionda baş verən hadisələrə beynəlxalq marağın artmasının əlamətidir”, – Trend News-a BMT Baş Assambleyasının 62-ci sessiyasının prezidenti, Makedoniyanın sabiq xarici işlər naziri Sərcan Kərim bildirib.
Onun sözlərinə əsasən, Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətlə bağlı qətnamə bir il öncə BMT BA-nın gündəliyinə salınıb və hazırda növbəti sessiyaya keçib. Kərimin sözlərinə əsasən, ” bu qətnamənin gələcəyi Azərbaycanın özündən asılıdır, lakin BMT-də lobbiləşdirmə bu kimi məsələlərdə böyük rol oynayır”.
Onun sözlərinə əsasən, bu qətnaməni çoxları dəstəkləyir, belə ki, qətnamədə göstərilən faktlar BMT-nin qətnaməsi də daxil olmaqla, digər beynəlxalq sənədlərə əsaslanıb. BMT Baş Assambleyasının 62-ci sessiyasının prezidenti Birləşmiş Millətlər Təşkilatının dondurulmuş münaqişələrin həllindəki iştirakından razı olmadığını qeyd edib. Kərimin fikrincə, BMT-nin münaqişələrin nizamlanması mexanizmləri gücləndirilməlidir.
“Beynəlxalq təhlükəsizlik sisteminin səmərəliliyi BMT-nin nüfuzuna təsir edir. Bildiyiniz kimi, BMT-nin demokratikləşdirilməsi prosesi prezidentliyimin prioritet vəzifələrindən biri idi. Hesab edirəm ki, BMT radikal addımlar atmalıdır. Sözsüz ki, biz beynəlxalq sistemdə ən nüfuzlu orqanıq. Lakin hesab edirəm ki, biz BMT-nin daha təsirli orqan olduğunu deyə bilmərik “, – Kərim qeyd edib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.