BMT-nin insan haqları üzrə ali komissarı İran hökumətinə çağırış edib

BMT-nin insan haqları üzrə ali komissarı Navi Pillay 7 həftədir saxlanıldığı Tehranın Evin həbsxanasında aclıq aksiyası keçirən iranlı vəkil Nəsrin Sütudənin vəziyyətindən narahat olduğunu bildirib. APA-nın məlumatına görə, N.Pillay İran hökumətini N. Sütudəni azadlığa buraxmağa və ailəsinin ölkədən xaricə çıxmasına qoyulmuş qadağanın aradan qaldırmağa çağırıb. BMT iranlı vəkilin həbs olunmasını söz və ifadə azadlığının məhdudlaşdırılması kimi qiymətləndirir.
Qeyd edək ki, N.Sütudə 2010-cu ildə milli təhlükəsizliyə xələl gətirməkdə və hakimiyyətin əleyhinə təbliğat aparmaqda günahlandırılaraq 6 il azadlıqdan məhrum edilib. Ailəsi onun xeyli çəki itirdiyini və təzyiqinin aşağı düşdüyünü xəbər verir. Həyat yoldaşı Rza Xəndan isə ötən həftə sonu ziyarət etdiyi N.Sütudənin ürək bulanması səbəbindən duzlu və şəkərli mayeləri içə bilmədiyini və zəiflədiyini deyərək, onun bir neçə gün içərisində xəstəxanada qalmasının vacib olacağını söyləyib. Bundan əlavə, iranlı deputat Məhəmməd Həsən Əsfəri də bir parlament komissiyasının sağlıq vəziyyətini araşdırmaq üçün N. Sütudəni həbsxanada ziyarət edəcəyini vurğulayıb.
İranlı vəkil oktyabrın 17-də həbsxanadakı şərtlərə və 12 yaşındakı qızının ölkədən çıxmasına qoyulmuş qadağaya etiraz olaraq aclıq aksiyasına başlayıb. N.Sütudə həbs olunmazdan əvvəl jurnalistləri və aralarında Nobel sülh mükafatına layiq görülmüş azərbaycanlı hüquq müdafəçisi Şirin İbadi də olan insan haqları fəallarını müdafiə edən bir vəkil idi. Eyni zamanda N.Sütudə azərbaycanlı rejissor Cəfər Pənahi ilə birgə bu il Avropa Parlamenti tərəfindən Saxarov adına beynəlxalq söz azadlığı mükafatına layiq görülüb.

Apa.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO