Amerika Azərbaycan Cəmiyyəti və Azərbaycan Amerika Şurası cümə günü BMT-nin Nyu-York qərargahında genişmiqyaslı “Xocalıya Ədalət” etiraz aksiyasi keçirib.
Bu barədə Trend xəbər verir.
Üç saat davam eden tədbirdə Amerikada fəaliyyət göstərən Azərbaycan, Türk və Yəhudi diaspor təşkilatlarının nümayəndələri, Azərbaycandan olan millət vəkilləri Qənirə Paşayeva və Həvva Məmmədova iştirak edib.
Etiraz aksiyasında, elecə də Azərbaycan Amerika Şurasının Prezidenti Cavid Hüseynov və Amerika Azərbaycan Cəmiyyətinin Prezidenti Tomris Azəri qatılıb. Etiraz aksiyasi iştirakçıları adından BMT Baş Katibiliyinə rəsmi məktub təqdim olunub.
Şənbə günü Nyu-Yorkda yerləşən Türk Mərkəzində Xocalı soyqırımının 17-ci ildönümü ilə bağlı konfrans keçiriləcək. Konfransda Tomris Azəri və Cavid Hüseynov, millət vəkilləri Qənirə Paşayeva və Həvva Məmmədova, Montana Universitesinin professoru Tomas Goltz, Türkiyənin baş konsulu Mehmet Samsar və Türk Amerika Dərnəyi Federasiyalarının rəhbəri Kaya Boztepe çıxış edəcəklər.
Konfransda Heydər Əliyev Fondunun hazırladığı “Xocalı Soyqırımı” filmi, foto və rəsm sərgisi nümayiş olunacaq. Qonaqlara “Qarabağ Həqiqətləri” kitabları paylanacaq. Eyni zamanda müəllifi millət vəkilləri Qənirə Paşayeva və Həvva Məmmədova olan ingliscə “Xocalı Soyqırımı” kitabının təqdimat mərasimi keçiriləcəkdir.
Konfransdan əvvəl isə Amerika KİV-nin iştirakı ilə mətbuat konfransı keçiriləcək.
Qeyd edək ki, Amerika Azərbaycan Cəmiyyəti və Azərbaycan Amerika Şurası “Xocalıya Ədalət” kampaniyası çərçivəsində Kaliforniyanın San Fransisco və Los Ancelos şəhərlərində, Texas və Vaşinqtonda bir həftə ərzində geniş tədbirlər keçirir.
1992-ci il Fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri SSRİ-nin Xankəndində yerləşən 336-cı motoatıcı alayının köməyi ilə silahsız və müdafiəsiz Xocalı şəhərinə hücum edib. Erməni silahlı qüvvələrinin dörd tərəfdən əhatəyə aldığı şəhərdə tezliklə yanğın baş verib. Şəhərin müdafiəçiləri və yerli əhali od içində olan şəhəri tərk etmək məcburiyyətində qalıb. Fevralın 26-da şəhər erməni işğalçıları tərəfindən zəbt olunub.
Soyqırım nəticəsində 613 nəfər həlak olub, 487 nəfər əlil olub, 1275 dinc sakin ermənilər tərəfindən əsir götürülüb. 150 nəfər isə itkin düşüb.
Soyqırım zamanı səkkiz ailə tamamilə məhv edilib.