“Diabet hər il ən az bir milyon insanın ölümünə səbəb olur ki, bunların da çoxu inkişaf etməkdə olan ölkələrdə baş verir və bu insanlar dünyalarını gözləniləndən daha tez dəyişirlər. Diabet digər xəstəlikləri kəskinləşdirə, ana və uşaq sağlamlığına mənfi təsir göstərə bilər”. Bu barədə BMT-nin baş katibi Pan Gi Munun ümumdünya diabet günü ilə əlaqədar müraciətində qeyd olunub.
BMT-nin Azərbaycandakı nümayəndəliyindən APA-ya daxil olan müraciətdə qeyd olunub ki, 2-ci tip diabetin qarşısını almaq mümkündür. Diabetin bu tipi ürək-damar və bəzi xərçəng xəstəliklərinin bir növü kimi “həyat tərzi xəstəlikləri” siyahısına daxildir: “Qeyri-sağlam pəhrizlər, idmanla məşğul olmamaq, siqaretdən və spirtli içkilərdən külli miqdarda istifadə bu xəstəliklərin yaranmasına səbəb olur. Bu o deməkdir ki, effektiv strategiya və planlı fəaliyyət yalnız sağlamlıq sektorunu əhatə etməməlidir. Daha doğrusu, bu planlara və strategiyalara idarəçiliyin bir çox sahəsi, vətəndaş cəmiyyəti və özəl sektor da daxil olmaqla böyük sayda iştirakçı cəlb olunmalıdır. BMT sistemi öz borcunu yerinə yetirərək diabetin yaratdığı problemlərlə mübarizədə bütün ölkələrə yardım edir”.
Baş katib ümumdünya diabet günündə beynəlxalq ictimaiyyəti və beynəlxalq inkişaf agentliklərini inkişaf etməkdə olan ölkələrdə diabetin qarşısının alınmasına və səhiyyə xidmətindən istifadənin artırılmasına dəstək verməyə çağırıb.