BMT-nin baş katibi Pan Gi Mun Liviya hakimiyyətini dinc insanlara qarşı silahlı müdaxiləni dayandırmağa çağırıb və rəsmi Tripolini xəbərdar edib ki, beynəlxalq hüquq normalarını pozanlar məhkəmə qarşısında cavab verməli olacaq. Liviyanın xarici işlər naziri ilə görüşən BMT baş katibi bildirib ki, rəsmi Tripoli Liviya vətəndaşlarının sülh və əmin-amanlıq içində yaşamaq hüququnu nəzərə almalı və təmin etməlidir.
Danışıqlarda əldə olunan razılaşmaya əsasən Liviyada humanitar durumu dəyərləndirmək üçün bu ölkəyə xüsusi missiya göndəriləcək. Artıq İordaniyanın sabiq xarici işlər naziri Abdulla əl-Xətib BMT baş katibinin Liviyada xüsusi səfiri vəzifəsinə təyin olunub. Onun səlahiyyətlərinə ölkədə və regionda yaranmış humanitar vəziyyətlə əlaqədar hakimiyyətlə təcili məsləhətləşmələr aparmaqdır.
Xatırladaq ki, fevralın ortalarından Liviyada ölkə lideri Müəmmər Qəddafinin istefası tələbi ilə kütləvi aksiyalar başlayıb. Hökumət qüvvələri ilə aksiya iştirakçılar arasında toqquşmalarda 6 minədək şəxs ölüb, 4 min nəfər yaralanıb.
Dünən Qəddafi tərəfdarları Əzzaviyə şəhərinin müxalifətin nəzarətindən geri alınmasını bayram etmək üçün Tripoli küçələrinə çıxıblar. Qəddafiyə tabe olan qüvvələr şəhəri qəfil hücumla ələ keçirib. Baş verən toqquşmalarda 100-dək insan ölüb, çoxlu sayda yaralı var. Bəzi kütləvi informasiya vasitələri Misrat, Ras-əl-Anuf və Tobruk şəhərlərinin də yenidən hakimiyyətin nəzarətinə keçdiyi barədə məlumat yayıb. Müxalifət ölkənin şərqində vəziyyəti tam nəzarətində saxlayır. Üsyançılar həmçinin yaxın günlərdə Qəddafinin vətəni olan, iri neft mərkəzi Sirtə hücum planlaşdırdıqlarını bəyan ediblər. Liviya hərbi hava qüvvələri Sirtə doğru hərəkət edən üsyançılara havadan atəş açıblar.