Bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi və qeydə alınması davam edir. Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən bildirmişlər ki, bu günə kimi 1718 bələdiyyə üzrə 34 min 131 nəfərin namizədliyi təsdiq edilmişdir. Namizədliyi təsdiqlənmiş şəxslərin 33 min 431 nəfəri dairə seçki komissiyalarından imza vərəqələri almış, həmin şəxslərdən 29 min 533 nəfəri isə namizədliklərinin qeydə alınması üçün imza vərəqələrini və digər zəruri seçki sənədlərini müfaviq dairə seçki komissiyalarına təqdim etmişlər.
Artıq 1717 bələdiyyə üzrə 26 min 462 nəfərin namizədliyi qeydə alınmışdır. Qeydə alınmış namizədlərin 13 min 697 nəfəri ali təhsilli şəxslərdir. Namizədliyi qeydə alınmış şəxslərin 5 min 592-si qadınlardır.
Namizədlikləri qeydə alınan şəxslərdən 7 min 864 nəfəri bitərəfləri, digərləri isə 29 siyasi partiyanı əhatə edirlər. 22 siyasi partiya isə rəsmi olaraq seçki marafonuna qoşularaq bələdiyyə üzvlüyünə namizədlərini irəli sürmüşlər. Bu partiyalardan 17-nin irəli sürdüyü namizədlər DSK-lar tərəfindən qeydə alınmışdır.
Xatırladaq ki, builki seçkilərdə 1718 bələdiyyə üzrə 15 min 682 bələdiyyə üzvü seçilməlidir. Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsinə (www.msk.gov.az; www.cec.gov.az; www.infocenter.gov.az) müraciət etməklə bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi və qeydiyyatı barədə ətraflı məlumat əldə etmək mümkündür.
AzərTAc