Beynəlxalq Əlillər Gününə həsr olunmuş konfrans keçirilib

Bu gün Bakıda Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 60 illiyinə və “3 dekabr – Beynəlxalq Əlilliyi olan İnsanlar Günü”nə həsr olunmuş “Əlillərin hüquqları haqqında konvensiya: ləyaqət və ədalət hamı üçün” mövzusunda konfrans keçirilib. Beynəlxalq Əlillər Gününə həsr olunmuş konfrans keçirilib
Lent.az-ın məlumatına görə, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova “Ombudsmanın əlilliyi olan insanların hüquqlarının müdafiəsi sahəsində fəaliyyəti” mövzusunda çıxış edib. O deyib ki, həyata keçirdikləri tədbirlər nəticəsində əlillərin nəqliyyatdan, rabitə xidmətlərindən istifadəsi təmin edilib. Belə ki, küçələrdə olan telefon köşklərindən əlillərin də istifadə etməsi üçün avadanlıq quraşdırılıb. Avropa ölkələrindən gətirilən “MAN” firmasına məxsus avtobusları da əlillərin nəqliyyatdan rahat şəkildə istifadə edilməsi üçün nəzərdə tutulub. Bundan başqa, əlillər üçün səsli svetoforlar da quraşdırılıb. Hazırda 30-dan artıq bu cür svetofor işləyir.
E. Süleymanova deyib ki, Azərbaycanda bu cür svetofor istehsal edilmədiyindən, bu cür məhsulların xaricdən gətirilməsi üçün müvafiq ölkələrə müraciət edilib.
Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri Hadı Rəcəbli isə bildirib ki, Dünya Bankı ilə Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında imzalanan layihəyə əsasən, əhalinin sosial müdafiəsi ilə bağlı daha çox iş görüləcək.
Təhsil nazirinin müavini İradə Hüseynova “Əlilliyi olan insanlar üçün bərabər təhsil imkanları: mövcud problemlər və onların həlli yolları” mövzusunda çıxış edib. O bildirib ki, Azərbaycanda əlillərin təhsil alması üçün 25 xüsusi təhsil müəssisəsi, 18 internat məktəbi, 4 qarışıq tipli, 7 xüsusi tipli təhsil müəssisəsi fəaliyyət göstərir. Həmin məktəblərdə 3 905 pedaqoji işçi çalışır. Əlilliyi olan uşaqlardan 1 303-ü ailələrdə yaşayır. 182 nəfər isə bu ildən inklüziv təhsil almağa başlayıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO