Berlində Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş konfrans keçirilib

Alman-Azərbaycan Forumunun təşəbbüsü, Azad Berlin Universitetinin Xəzər Regionu Tədqiqatları Mərkəzi və “EuroKaukAsia” Cəmiyyətinin təşkilatçılığı ilə “Dağlıq Qarabağ münaqişəsi: Münaqişənin həllinə alman və Qafqaz nöqteyi-nəzərindən baxış” adlı tədbir keçirilib. Azərbaycanın Almaniyadakı səfirliyindən verilən məlumata görə, AFR Bundestaqının deputatları, alman elmi fondlarının və universitetlərinin nümayəndələri və jurnalistlər olmaqla 100-dən artıq ekspertin qatıldığı tədbirə Yaxın, Orta Şərq və Qafqaz üzrə tanınmış alman mütəxəssisi, professor Udo Ştaynbax moderatorluq edib.

Konfransda açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikasının Ştutqart şəhərindəki fəxri konsulu Otto Hauser Azərbaycanın sürətlə inkişaf etməkdə olduğunu və Cənubi Qafqazın iqtisadi lokomotivinə çevrildiyini, regional layihələrdən kənarda qalmış Ermənistanda isə yoxsulluğun günü gündən artdığını diqqətə çatdırıb. O, Azərbaycanın çox önəmli enerji tərəfdaşı kimi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynadığını vurğulayaraq, eyni zamanda Avropanın da Dağlıq Qarabağ münaqişəsinin həllinə, o cümlədən öz torpaqlarından qovulmuş insanların doğma yurdlarına geri dönməsinə töhfə verməli olduğunu bildirib. Bu baxımdan o, Cənubi Qafqaz üzrə 2009-cu ildə AFR Bundestaqı tərəfindən, 2010-cu ilin may ayında isə Avropa Parlamenti tərəfindən qəbul edilmiş qətnamələrin icrasının vacib olduğunu deyib.

“Tarix və beynəlxalq hüquqi dəyərləndirmə” adlı ilk paneldə çıxış edən Almaniyanın Elm və Siyasət Fondunun (SWP) region üzrə mütəxəssisi Doktor Uve Halbax Dağlıq Qarabağ münaqişəsinin həllinin regionda sülh və təhlükəsizliyin təmin edilməsi baxımından önəminə diqqət çəkərək bölgədəki digər münaqişələrin həlli üçün də bu münaqişənin açar roluna malik olduğunu söyləyib.

Humboldt Universitetinin “Azərbaycan tarixi” kafedrasının müdiri, professor Eva-Maria Aux SSRİ-nin dağılması kontekstində Dağlıq Qarabağ münaqişəsi haqqında tədbir iştirakçılarına ətraflı məlumat verərək Rusiya və İran arasında imzalanmış 1813 və 1828-ci il Gülüstan və Türkmənçay sülh müqavilələrinə əsasən ermənilərin Qafqaza köçürülməsi siyasətinin həyata keçirilməsinə başlandığını qeyd edib. Bu siyasətin davamı kimi, sonrakı mərhələlərdə – 1948-53-cü illərdə Ermənistanda yaşayan azərbaycanlılar oradan köçürülüb.

Birinci panelin sonunda Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq baxımından qiymətləndirilməsi mövzusunda çıxış edən hüquq elmləri doktoru Hayko Krüqer Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratını təyin etmək üçün sovet qanunvericiliyi çərçivəsində heç bir hüquqi əsasa malik olmadıqlarını konkret şəkildə iştirakçıların diqqətinə çatdıraraq, Kosovo ilə Dağlıq Qarabağ münaqişələri arasında paralellər aparmaq cəhdlərinin tamamilə əsasız olduğunu vurğulayıb. O, Ermənistanda yaşayan bütün azərbaycanlıların oradan qovulduğunu xatırladaraq müharibənin gedişi zamanı 1992-ci ildə Ermənistan tərəfindən Xocalı şəhərində dinc azərbaycanlılara qarşı soyqırım törədildiyini bildirib.

Daha sonra “Geosiyasi maraqlar və dəyişən ittifaqlar – 1994-2011-ci illər arasında regional və beynəlxalq aktyorlar” adlı 2-ci paneldə çıxış edən AFR Bundestaqının əməkdaşı Hayko Langner Rusiyanın, Türkiyənin və İranın, Sülh və Münaqişələrin Tədqiqi üzrə Fondun mütəxəssisi doktor Azər Babayev isə ABŞ və Avropa İttifaqının Cənubi Qafqazda geosiyasi maraqları mövzusunda çıxışlar ediblər. H. Langner Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistanın özünü təcrid şəraitinə saldığını və tamamilə Rusiyadan asılı olduğunu, Azərbaycanın isə müstəqil bir siyasət həyata keçirdiyini söyləyib.

Tədbir zamanı “Ermənistan və Azərbaycanda sülh fəalları” adlı 3-cü paneldə Stokholm Qafqaz Sülh Təşəbbüsləri Mərkəzinin nümayəndəsi Vahe Avetyan, Azərbaycanda fəaliyyət göstərən Səmərəli Təşəbbüslər Mərkəzinin təmsilçisi Anar Usubov və Almaniyada fəaliyyət göstərən jurnalist və Alman-Azərbaycan gəncləri arasında mübadilə proqramını həyata keçirən Brigit Vetzel çıxış ediblər.

“Etimad quruculuğu münaqişənin həll edilməsi vasitəsi kimi? Almaniya nə edə bilər? Almaniyanın partiya və təşkilatlarının mövqe və fəaliyyətləri” adlı podium müzakirəsində AFR Bundestaqının deputatı Ştefan Libih, Xarici Siyasət Məsələləri üzrə Alman Cəmiyyətinin (DGAP) mütəxəssisi Ştefan Mayster, AFR-in Azərbaycan Respublikasındakı keçmiş səfiri Per Stankina və AFR-in ATƏT-dəki keçmiş səfiri Diter Boden söz alıblar.

Deputat Ş. Libih Ermənistan tərəfindən Azərbaycan torpaqlarının 20%-nin işğal olunduğunu və münaqişə nəticəsində 1 milyon azərbaycanlının qaçqın və məcburi köçkün olduğunu nəzərə çatdıraraq beynəlxalq hüququn pozulmasının yolverilməzliyini vurğulayıb. AFR-in Bakıdakı keçmiş səfiri Per Stankina deyib ki, Ermənistan bu gün özünə sual verməlidir ki, bugünkü inkişaf templəri ilə Azərbaycan 10 ildən sonra hansı mövqeyə yiyələnəcək və iqtisadiyyatında durğunluq hökm sürən Ermənistan 10 il sonra hansı vəziyyətdə olacaq. Onun sözlərinə görə, münaqişəyə beynəlxalq hüquqi yanaşma tam şəkildə aydındır və Dağlıq Qarabağın hansı dövlətə mənsub olması bu baxımdan hər hansı şübhə doğurmur. Lakin hazırkı mərhələdə ATƏT-in Minsk Qrupunun həmsədrləri münaqişənin siyasi həlli yollarını axtarırlar.

Müzakirələrdə çıxış edən Səfir P. Şahbazov gələcəkdə Dağlıq Qarabağda ermənilərlə azərbaycanlıların birgə şəkildə yaşamalarını mümkün hesab etdiyini, bu məqsədə nail olmaq üçün önəmli etimad quruculuğu tədbiri kimi ilk növbədə Ermənistan tərəfindən işğal edilmiş torpaqların azad edilməsinin və etnik təmizləmə siyasətinin qurbanı olmuş yüz minlərlə insanın ora geriyə dönməsinin vacibliyini vurğulayıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO