“Bir çox dövlətlər – Pakistan, Belarus, Gürcüstan münaqişənin ədalətli şəkildə nizamlanmasına açıq şəkildə dəstək verməyə hazır olduqlarını bildiriblər. Mən bunu yüksək qiymətləndirirəm”.
Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini – icra katibi, Baş nazirin müavini Əli Əhmədov jurnalistlərə deyib.
O, qeyd edib: “Bu ondan xəbər verir ki, o dövlətlərin rəhbərləri də artıq Azərbaycana qarşı ədalətsizliyə dözmək istəmirlər. Bu isə Azərbaycanın bu münaqişədə tək olmadığını göstərir. Bu, Prezident İlham Əliyevin apardığı çox uğurlu xarici siyasətin, diplomatiyanın qələbəsindən xəbər verir. Azərbaycanın mövqeyinin ədalətli olduğunu bütün dünyaya çatdırmaq və beləliklə, Azərbaycanın tərəfdarlarını çoxaltmaq siyasəti böyük müsbət nəticələrini verməkdədir. Bu, eyni zamanda onu göstərir ki, Azərbaycan torpaqlarını işğal etmiş ermənilər və onların havadarları həm təklənirlər, həm də mövqeləri zəifləyir. Digər tərəfdən, onların ədalətsizliyini artıq bütün dünya etiraf etmək məcburiyyətində qalır”.