Bakıda məşhur ticarət mərkəzinin yerləşdiyi bina yanır.
Trend xəbər verir ki, “Sahil” Ticarət Mərkəzində yanğın baş verib.
Yanğın tircarət mərkəzinin 3-cü mərtəbəsində başlayıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Yanğından Mühafizə Xidmətindən Trend-ə bildiriblər ki, hadisənin baş verdiyi əraziyə yanğınsöndürmə briqadaları cəlb edilib. Hazırda yanğının lokallaşdırılması istiqamətində tədbirlər görülür.
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından (BŞTTTYS) Trend-ə bildiriblər ki, hələlik stansiyaya “Sahil” Ticarət Mərkəzində bir nəfərin halının pisləşməsi ilə əlaqədar çağırış daxil olub.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Yanğından Mühafizə Xidmətindən daha sonra Trend-ə bildiriblər ki, “Sahil” Ticarət Mərkəzində baş verən yanğınla bağlı 2-ci dərəcəli çağırış elan edilib.
Qeyd edək ki, ticarət mərkəzi Bakı metrosunun “Sahil” stansiyasının üstündəki çoxmərtəbəli binada yerləşir.
Binada Argentinanın Azərbaycandakı səfirliyi də yerləşir. Diplomatik mənbədən Trend-ə bildiriblər ki, yanğın zamanı səfirliyin əməkdaşları xəsarət almayıb.
Yanğın baş verən binanın 3-cü mərtəbəsində anbarlar da yerləşir.
Şahidlərin bildirdiyinə görə, hadisə yerinə 10-dan artıq yanğınsöndürən maşın və 2-dən çox təcili tibbi yardım maşını cəlb olunub.
Trend-in hadisə yerində olan əməkdaşının məlumatına görə, hələ ki yanğını söndürmək mümkün olmayıb və yanğın yenidən güclənib.