Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) baş həkimi Mürsəl Həmidov paytaxtın magistral yollarında təcili tibbi yardım maşınları üçün ayrıca hərəkət zolağının yaradılmasını hazırkı dövr üçün olduqca zəruri sayır. Həmidov Trend-ə bildirib ki, belə hərəkət zolağının salınması mümkündür.
Onun sözlərinə görə, üç xətti olan yollardakı bir xətt belə maşınlar üçün nəzərdə tutula bilər. Ancaq bunu etmək üçün də qanunvericilikdə müəyyən dəyişikliklər edilməlidir.
“Yol polisi deyir ki, əlimizdə qanun olsa, hansısa maşının həmin xəttin üstünə çıxması qanun pozuntusu kimi qəbul edilər. İşıqforda qırmızı işıq yandıqda maşınların yolu keçməsinə qadağa qoyulduğu kimi nəqliyyat vasitələrinin həmin xəttin üstünə çıxmasını da qadağan edən qanun olmalıdır. Ancaq bu gün belə qanun olmadığına görə heç kim bunu icra edə bilməz” – Həmidov deyib.
O deyib ki, bu gün yollarda təcili tibbi yardım maşınlarının hərəkətində həqiqətən də problem var. Buna görə də günün pik saatlarında təcili tibbi yardlım maşınlarının məhəllələrdə, yaşayış evlərinə yaxın ərazilərdə saxlayır və bu yolla çağırış olan ünvana tez catmağa çalışırlar. Buna baxmayaraq, xəstəni xəstəxanaya çatdırmaq üçün geri qayıdanda magistral yollarda tıxaclarda qalırlar.
“Bəzən insanlar şikayət edirlər ki, təcili yardım ünvana gec gəldi. Təcili yardım işçilərinin gecikməsində təcili yardım maşınlarınımn heç bir günahı yoxdur. Çünki təcili yardım briqadası həkimlə, dərmanla təmin olunub, yalnız yolu keçə bilmir, tıxaclarda qalır”,-baş həkim əlavə edib.
Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Trend-ə bildirib ki, yollarda xüsusi hərəkət zolağının salınması yaxşı olardı. Ancaq bütün Bakıda yollarda ayrıca zolağın salınması mümkün deyil. Çünki bunun üçün küçələrin enli olması lazımdır.
“Türkiyədə operativ nəqliyyat vasaitələri, o cümlədən təcili yardım maşınları hətta tramvay xətləri ilə də hərəkət edə bilirlər. Orda tramvay xətlərinin üzərinə nəqliyyat vasaitələrinin çıxması qadağandır. Yaxud metrobuslar üçün orda ayrıca zolaq var. Operativ nəqliyyat vasaitələri həmin zolaqdan da istifadə edə bilərlər”, – Əliyev deyib.
O bildirib ki, operativ nəqliyyat vasitələri – yanğınsöndürən, təcili yardım və digər xilasetmə avtomobilləri istər arxa, istər qarşı, istərsə də digər istiqamətlərdən gəlirsə, xüsusi səs siqnalı verirsə, sayrışan ışıq sıqnalı yanırsa, onda sürücü ona yol verməlidir. Operativ nəqliyyat vasitəsini idarə edən sürücülər də özlərinin hərəkət üstünlüyünü əldə etməsinə tam əmin olduqdan, bu manevrin digər nəqliyyat vasitələri üçün təhlükə yaratmamasını görəndən sonra “Yol hərəkəti haqqında” qanunun tələblərindən kənara çıxa bilərlər. Operativ nəqliyyat vasitələrinin sürücüləri hərəkət üstünlüyü əldə etmək üçün xüsusi səs siqnallarından və göy və ya qırmızı işıq siqnallarından mütləq istifadə etməlidirlər.
Əliyev bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 151.2 maddəsinə əsasən, göy, qırmızı ışıq sıqnalları olan, keçid üstünlüyü hüququna malik olan operativ nəqliyyat vasitələrinə yol verilməməsinə görə sürücülər 60 manat məbləğində çərimələnirlər və bu inzibatı xəta 3 balla qiymətləndirilir.
Milli Məcliisn Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rəfayel Cəbrayılov isə Trend-ə bildirib ki, bu gün yollarda təcili tibbi yardım, eləcə də digər operativ maşınların rahat hərəkət edə bilməsi üçün yollarda ayrıca hərəkət zolağının salınması mümkünsüzdür. Bu məqsədlə qanunvericilkdə hər hansı dəyişikliyin edilməsinə də ehtiyac yoxdur.
Onun sözlərinə görə, operativ maşınlara yol verməyənlərə qarşı tədbirlər dünya ölkələrinin qanunvericiliyində sərt formada tənzimlənmir. Azərbaycan qanunvericliyində də operativ nəqliyyat vasitələrinə yol verməməyə görə İnzibati Xətalar Məcəlləsində inzibatı məsuliyyət müəyyənləşdirilib.
Millət vəkili hesab edir ki, hərəkət zolağının salınması üçün yollar genişləndirilməlidir. Bu iş üçün isə kifayət qədər böyük maliyyə vəsaiti tələb olunur.
Cəbraylov bildirib ki, əgər Bakıda tramvayların hərəkət etdiyi xətlər qalsaydı, onlardan indi bu məqsədlə istifadə etmək olardı.
Deputatın fikrincə, magistral yollarda təcili tibbi yardım maşınlarının daha yaxşı hərəkət etməsi üçün ilk növbədə sürücülərin mədəniyyəti formalaşmalıdır.
“Bütün dünyada bu məsələ sırf mənəviyyatla bağlıdır. Sürücülər həmin maşınların arxadan səsisini esidən kimi ona yol verirlər. Çox təəssüflər olsun ki, bizdə bu məsələyə o qədər də əhəmiyyət verən yoxdur. Azərbaycanda bəzi sürücülər yol verməməyi az qala digərlərinə “mədəniyyət nümunəsi” kimi göstərməyə çalışırlar”, – millət vəkili deyib.