Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib və iclasda aidiyyəti qurumların müraciəti əsasında bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi, isitmə və isti su təchizatı, metro ilə sərnişindaşıma xidmətlərinin, soba mazutunun, Dövlət Radiotezliklər İdarəsi, Xüsusi Dövlət Mühafizə Xidməti və İstehlak Mallarının Ekspertizası Bürosu tərəfindən göstərilən xidmətlərin tariflərinə baxılıb və müvafiq qərarlar qəbul edilib.
Tarif (qiymət) Şurasının Katibliyindən bildirilib ki, iclasda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma xidməti tarifinə də baxılıb. Məlum olduğu kimi, Bakı şəhərində sərnişindaşıma sisteminin təkmilləşdirilməsi və nəqliyyatın hərəkət gərginliyinin azaldılması məqsədilə Bakı Metropoliteninin Perspektiv İnkişaf Planı hazırlanıb. Planda 2030-cu ilədək metro stansiyalarının sayının və xətlərin uzunluğunun artırılması nəzərdə tutulur. Bu çərçivədə son illərdə Metropolitenin vaqon parkının yenilənməsi, yeni stansiyaların istismara verilməsi, xidmətin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində bir sıra işlər görülüb.
Bununla əlaqədar olaraq, metro ilə sərnişindaşıma xərclərinin artmasına və 1 sərnişinin birdəfəlik gediş xərcinin mövcud tarifdən bir neçə dəfə yüksək olmasına baxmayaraq, sosial məqsədlərə uyğun ucuz tarif siyasəti prioritet hesab edilərək, metroda gediş haqqının 20 qəpik səviyyəsində müəyyənləşdirilməsi qərara alınıb.
Metronun gediş haqqının artımı dekabrın 1-dən həyata keçiriləcək.