Bahar Muradova: Dağlıq Qarabağ münaqişəsinin həllinin əsasında beynəlxalq hüquq dayanmalıdır

Bahar Muradova: Dağlıq Qarabağ münaqişəsinin həllinin əsasında beynəlxalq hüquq dayanmalıdırDağlıq Qarabağ münaqişəsinin əsasında beynəlxalq hüquq dayanmalıdır.

Trend-in məlumatına görə, bunu Milli Məclisinin sədr müavini, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova aprelin 15-18-də Almaniyanın Laynsvayler şəhərində bu ölkənin ATƏT-ə sədrliyi çərçivəsində ATƏT PA-nın Bundestaqla “ATƏT-in münaqişə dövrünün kəsilməsi istiqamətindəki tədbirlərinə ATƏT Parlament Assambleyası və onun üzvlərinin geniş töhfə vermək imkanları – həlli uzadılmış münaqişələrə xüsusi diqqət” mövzusunda keçirilmiş birgə seminarda deyib.

B.Muradova bildirib: “Burada bir dövlətin daxilində etnik qrup və konfessiyalar üçün birgə yaşayış qurmağa mane olan problemlər barədə çox danışıldı. Biz onların həyatını dözülməz edən təhlükəli çağırışlar, münaqişələr zamanı bütün insan haqlarının pozulmasından danışdıq. Hesab edirəm ki, hər bir münaqişənin öz tarixi, onun başlama səbəbləri var və hər bir münaqişə ayrıca yanaşma tələb edir. Əlbəttə ki, bütün bunların əsasında beynəlxalq hüquq dayanmalıdır”.

B.Muradovanın sözlərinə görə, bu, bütün fəaliyyətlərin dayaq nöqtəsi olmalıdır: “Əks halda, malik olduqları ilə ürəkdən fəxr edən Avropa ölkələrində də radikal cərəyən hallarının qarşısını almaq mümkün olmayacaq ki, bunu da ötən gün almaniyalı həmkarım təəssüflə qeyd etdi”.

O qeyd edib: “Əlbəttə ki, Doris Barnetin təşəbbüsünü və Almaniyanın ATƏT-də sədrliyini alqışlayıram. Bu, müzakirələr üçün gözəl platformadır. Bəli, biz müzakirələrin gedişindən həmişə razı qalmırıq, məsələn, ötən gün bir-birimizə qarşı əsəbiləşdiyimiz kimi. Bu da təbiidir, lakin yekunda hamı belə tədbirin əhəmiyyətilə razılaşır. Fikrimcə, seminarın iştirakçıları bütün münaqişələrin həllini həqiqətən istəyirlər. Ancaq burada səsləndirilən bütün təkliflər nizamlanma prosesinə müsbət təsir edə bilməz”.

Vitse-spikerin sözlərinə görə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə təklif edilmiş variant – tərəflərin qəbul etdiyi Yenilənmiş Madrid prinsipləri var.

B.Muradova bildirib: “Burada deyildiyi kimi, münaqişənin həlli çox sadədir. Erməni silahlı birləşmələri işğal olunmuş torpaqları tərk edirlər, Azərbaycan icmasının nümayəndələri öz doğma yurdlarına qayıdırlar, sülh və təhlükəsizlik bərqərar edilir, birgə yaşayış üçün şərtlər təmin olunur. Bundan sonra isə artıq Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi haqqında danışmaq olar. Və burada cənab Bekerin heç nə dəyişmədən gözəl şərait yaratmağın mümkünlüyü barədə sözlərini xatırlatmaq yerinə düşər. Azərbaycan dünyada tətbiq edilən ən yüksək muxtariyyət statusunu verməyə hazır olduğunu dəfələrlə təkrarlayıb. Dağlıq Qarabağın prosesdə İştirakı isə regionda icmaların birgə dinc yaşayışı təmin edildikdən sonra mümkündür. Bunun üçün biz nə edə bilərik? Düşünürəm ki, ATƏT-in Parlament Assambleyası tərəfləri yuxarıda göstərilən öhdəliklərin icrasına yönəldən öz müvafiq mexanizmlərindən istifadə yolu ilə münaqişənin həllinə töhfə verə bilər. Burada icmaların birgə dinc yaşayışı barədə göstərilən qiymətli nümunələrə münaqişənin həllindən sonra gələcəkdə baxıla bilər. Biz artıq gələcəyə baxırıq. Azərbaycan Respublikası öz gələcəyini ölkə vətəndaşlarının etnik və dini mənsubiyyətindən asılı olmayaraq, onların hamısı üçün qurur. Bu, tamamilə təbiidir, çünki müxtəlif konfessiyalara və etnik qruplara tolerant münasibət tarixən formalaşıb. Mən çox istərdim ki, etnik azlıq təşkil edən Qarabağ erməniləri öz vətəndaş məsuliyyətini başa düşsünlər, regionun hərbsizləşdirilməsinə və ölkənin taleyinə töhfə versinlər”.

B.Muradova qeyd edib ki, milli azlıqlar, o cümlədən Qarabağ erməniləri ölkənin ərazi bütövlüyünə hörmət etməli, çoxluq təşkil edən azərbaycanlılar isə öz növbəsində, azlıqların hüquqlarını təmin etməlidir: ” Bu, ikitərəfli yoldur. “Bu yolun hamımızdan ötrü açıq olması üçün hər birimiz çox iş görməliyik. Bizim üçün o ağır günlərdə televiziya ilə çıxışımda mən onlara – Dağlıq Qarabağ ermənilərinə müraciət edərək bizim tələblərə qoşulmaqla ordu və hərbi texnikanı qonşu dövlətin ərazisindən çıxarmağa çağırdım. Çünki onlar da bizim ümumi ölkəmizin torpaqlarını işğal altında saxlayan iddialı siyasətçilərin əməllərinin girovlarına çevriliblər. Biz onları da girovluqdan azad etməliyik. Mən erməni tərəfini onlar üçün mümkünsüz görünəni etməyi çağırıram. Azərbaycan torpaqlarını işğaldan azad edin. Biz öz vətəndaşlarımızla – etnik ermənilərlə özümüz dil tapa bilərik. Qoy sizin gənclər sizin torpağınızda xidmət etsinlər və öz sərhədlərini qorusunlar, analar oğullarını, qızlar sevgililərini itirməsinlər. Başa düşün ki, qonşu ölkənin torpaqları sizin üçün heç vaxt vətən olmayacaq”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO