Baş Prokurorluq: Ötən il Azərbaycanda ağır cinayətlərin sayı azalıb

2012-ci ildə respublika üzrə qeydə alınmış ağır və xüsusilə ağır, o cümlədən şəxsiyyət əleyhinə olan, oğurluq, soyğunçuluq, quldurluq, hədə-qorxu ilə tələb etmə və xuliqanlıq cinayətlərinin sayı əhəmiyyətli dərəcədə azalıb. Trend-in Baş Prokurorluğun mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, bu məlumat Azərbaycan Respublikasının Baş Prokurorluğunda 2012-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında açıqlanıb.
Kollegiyada xüsusi vurğulanıb ki, Azərbaycan Respublikası Prokurorluğunun digər hüquq-mühafizə, ədliyyə və məhkəmə orqanları, Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri ilə qarşılıqlı əlaqəli birgə fəaliyyəti, həyata keçirilmiş qətiyyətli və profilaktiki tədbirlər nəticəsində əvvəlki hesabat dövrü ilə müqayisədə 2012-ci ildə respublika üzrə qeydə alınmış ağır və xüsusilə ağır, o cümlədən şəxsiyyət əleyhinə olan, oğurluq, soyğunçuluq, quldurluq, hədə-qorxu ilə tələb etmə və xuliqanlıq cinayətlərinin sayı əhəmiyyətli dərəcədə azalıb, banditizm və cinayətkar birlik yaratma kimi cinayətlər ümumiyyətlə qeydə alınmayıb, törədilmiş 21.897 cinayətin 86,2 faizinin açılması təmin edilməklə bu göstərici 3,3 faiz yaxşılaşıb.
Eyni zamanda, əvvəlki illərdə törədilməklə bağlı qalan 379, o cümlədən 81 ağır və xüsusilə ağır cinayətin açılması, habelə çoxsaylı ağır cinayətlər törətmiş 191 cinayətkar qrup və 9 mütəşəkkil dəstənin zərərsizləşdirilməsi təmin olunub.
Qabaqlayıcı tədbirlərin imkanlarından səmərəli istifadə olunmasının nəticəsidir ki, əhalinin hər min nəfərinə düşən cinayətlərin sayı azalaraq 236-ya bərabər olub, qrup halında, o cümlədən əvvəllər məhkum olunmuş şəxslərdən ibarət qruplar tərəfindən, ailə münaqişəsi zəminində və odlu silahın tətbiqilə törədilən cinayətlərin sayı azalıb.
2012-ci ildə Bakı şəhər prokurorluğu orqanları tərəfindən də səlahiyyət hədləri daxilində “Prokurorluq haqqında” qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəli təşkilinə və digər hüquq-mühafizə orqanları ilə birlikdə cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsinə yönəldilmiş bir sıra məqsədyönlü tədbirlər görülüb. Həyata keçirilmiş tədbirlərin nəticəsidir ki, hesabat ilində bir çox cinayətlərin sayının azalmasına və onların açılması üzrə göstəricilərin yaxşılaşdırılmasına, habelə keçmiş illərdə törədilməklə bağlı qalan 252 cinayət üzrə təqsirkar şəxslərin müəyyənləşdirilməsinə nail olunub, ibtidai araşdırmaya prosessual rəhbərliyin səmərəliliyi artırılmaqla, həm şəhər prokurorluğnun İstintaq idarəsi tərəfindən, həm də tabe rayon prokurorluqlarında bir çox ağır cinayətlərin peşəkarlıq səviyyəsində istintaq olunması təmin edilib.
Kollegiya iclasında qeyd edilib ki, Azərbaycan Prokurorluğu orqanlarında istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin səmərəliliyi və keyfiyyətinin artırılması istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər bu sahədə müsbət iş göstəricilərinin əldə edilməsi ilə nəticələnib. Belə ki, Prokurorluq, Daxili İşlər, Ədliyyə, Vergilər və Fövqəladə Hallar nazirlikləri, Dövlət Gömrük Komitəsi və Sərhəd Xidmətinin istintaq qurumları tərəfindən hesabat dövründə 16.550 cinayət işinin istintaqı yekunlaşdırılmaqla, ittiham aktları təsdiq olunan 9.430 iş aidiyyəti üzrə baxılması üçün məhkəmələrə göndərilib, bütün istintaq orqanları üzrə müddət pozuntusu ilə istintaq olunma faizi 8,1-ə bərabər olub, cinayət işləri üzrə maddi ziyanın ödətdirilməsində səmərəli tədbirlər həyata keçirilib.
Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi tərəfindən istintaqı tamamlanmış işlər üzrə vurulmuş 1,9 milyon manat ziyanın real ödəmə və əmlak üzərinə həbs qoyulması yolu ilə 100 faiz ödətdirilməsi təmin olunub. İstintaq üzərində prokuror nəzarətinin gücləndirilməsinin nəticəsi olaraq, hesabat ilində 318 cinayət işi üzrə icraata xitam verilməsi və 1.258 icraatın dayandırılması barədə qanunsuz və əsassız qərarlar ləğv edilib, qanunsuzluq hallarının aradan qaldırılması və təqsirli əməkdaşların cəzalandırılması məqsədilə 793 təqdimat verilib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO