Bəzi qeyri-hökumət təşkilatlarının (QHT) Ədliyyə Nazirliyi Penitensiar xidmətə qarşı cəzaçəkmə müəssisələrinə baş çəkilməsinə icazə verilməməsi ilə bağlı səsləndirilən ittiham xarakterli fikirlərlə əlaqədar Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, ədliyyə polkovniki Mehman Sadıqovun Trend-ə müsahibəsi
– Son vaxtlar bir sıra mətbu orqanlarda dərc olunmuş yazılarda müxtəlif QHT-lər və ictimai birliklər tərəfindən Penitensiar xidmətin cəzaçəkmə müəssisələrinə baş çəkilməsinə icazə verilməməsi, bununla bağlı xidmət tərəfindən QHT-lər arasında ayrıseçkiliyə yol verilməsi barədə mülahizələr irəli sürülür. İttiham xarakterli bu mülahizələrlə bağlı nə deyə bilərsiniz?
– Ədliyyə Nazirliyi Penitensiar xidmətin fəaliyyətində şəffaflığın təmin olunması məqsədilə məhkumların islah olunması prosesinə ictimaiyyətin cəlb olunması və cəzanı icra edən orqanların fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsinə şərait yaradılması üçün son illər ərzində mühüm tədbirlər görülüb. İnsan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən çoxsaylı beynəlxalq ixtisaslaşdırılmış qurumlar və yerli QHT-lərlə qarşılıqlı əlaqələrin gücləndirilməsi istiqamətində müntəzəm olaraq işlər davam etdirilir, hüquqi, dini maarifləndirmə, fiziki sağlamlığın qorunması və eləcə də asudə vaxtın təşkili məqsədilə həyata keçirilən bütün tədbirlərin səmərəliliyinin artırılması üçün aidiyyəti QHT-lərin imkanlarından istifadə olunmasına xüsusi fikir verilir.
Ədliyyə Nazirliyi Penitensiar xidmətin işinin müasir tələblərə uyğun qurulması, məhkum və təqsirləndirilən şəxslərin saxlanma şəraitinin yaxşılaşdırılması, onların ictimai-faydalı əməyə cəlb olunmaları, asudə vaxtlarının səmərəli təşkili və xidmətin bütün aidiyyəti istiqamətlərdə fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə qanunvericiliyə uyğun olaraq ictimai nəzarətin həyata keçirilməsi üçün tam şərait yaradılıb.
Bu nəzarət bir sıra mətbu orqanlarında dərc olunan yazılarda iddia olunduğu kimi yalnız ədliyyə naziri yanında fəaliyyət göstərən İctimai Komitə və Ombudsman Aparatı tərəfindən deyil, həm də hüquq müdafiəçilərindən ibarət monitorinq qrupu, çoxsaylı yerli qeyri-hökumət və ictimai təşkilatlar, eyni zamanda ATƏT, Avropa Şurası, BQXK, BMT-nin müxtəlif aidiyyəti komitələri kimi mötəbər beynəlxalq qurumlar tərəfindən həyata keçirilir. Bütün cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında müstəqil monitorinqlər aparılır, mövcud nöqsanların aradan qaldırılması, cəzanın icrası və çəkilməsi şərtlərinin beynəlxalq normalara uyğunlaşdırılması üçün müvafiq tövsiyələr verilir. Bu tövsiyələr Ədliyyə Nazirliyi, eləcə də Penitensiar xidmət rəhbərliyi tərəfindən təhlil olunur və nəzərə alınır.
Onu da qeyd etmək lazımdır ki, bəzi mətbu orqanlarında Penitensiar xidmətə qarşı iddialarla çıxış edən QHT-lərin keçirmək istədikləri layihələrlə bağlı müraciətləri öz bəsitliyi ilə diqqəti cəlb edir. Bu təşkilatların təmsilçiləri ilə fikir mübadiləsi apardıqda isə həmin şəxslərin həm Penitensiar xidmətin fəaliyyətindən, həm də qanunvericilikdən xəbərsiz olduqları məlum olur. Bəzi hallarda isə müəyyən edilib ki, ayı-ayrı QHT-lərin nümayəndələri bəyan etdikləri məramın ziddinə olaraq, cinayətkar aləmin ideyalarına meylli olan məhkumlarla lüzumsuz təmas qurmağa cəhd edirlər. Bu da öz növbəsində cəzaçəkmə müəssisələrinin iş ahənginin pozulmasına gətirib çıxara bilər. Təəssüflə qeyd etmək istərdim ki, bu təşkilatların nümayəndələri tərəfindən dələduzluq hallarına da yol verilir. Belə ki, bu yaxınlarda Penitensiar xidmətin fəaliyyətinə qərəzli və qeyri-obyektiv mövqedən yanaşan QHT-lərdən birinin sədr müavini külli miqdarda ziyan vurmaqla dələduzluq etdiyinə görə hüquq-mühafizə orqanları tərəfindən həbs edilib. Məhz belə olan hallarda cəzanı icra edən orqan olaraq Penitensiar xidmət cəzaçəkmə müəssisələrinin QHT adı altında fəaliyyət göstərən naşı insanların poliqonuna çevrilməsinə imkan verə bilməz.
Özünü vətəndaş cəmiyyətinin nümayəndələri hesab edən bəzi şəxslər isə hətta mövcud qanunvericiliklə uzlaşmayan, Penitensiar xidmətin fəaliyyətini tənzimləyən normativ hüquqi aktlarla bir araya gəlməyən şəxsi xahişlərlə də müraciət edirlər. Bu şəxslərə onların xahişlərinin yerinə yetirilməsinin qanuna zidd olduğunu izah edəndə, onlar dərhal xidmətin fəaliyyətinə kölgə salma mövqeyinə keçir, həqiqətə uyğun olmayan informasiyalar yaymaqla ictimai fikri çaşdırmağa çalışırlar.
– Xüsusi iş rejimində çalışan penitensiar müəssisələrdə vətəndaş cəmiyyəti adından çıxış edən təşkilatların monitorinqlər keçirməsi və müxtəlif layihələrin icrası ilə bağlı çoxsaylı müraciətlərinin nizama salınması hansı yolla həyata keçirilə bilər?
– Bir daha qeyd etmək istərdim ki, ədliyyə naziri yanında fəaliyyət göstərən və beynəlxalq təşkilatlar tərəfindən ictimai nəzarətin optimal variantı kimi qiymətləndirilmiş İctimai Komitə, məhz çoxsaylı qeyri-hökumət təşkilatlarının penitensiar müəssisələrə başçəkmələrinin nizamlanması zərurətindən yaranıb. Siyasi əqidəsindən asılı olmayaraq hüquq müdafiəçiləri və QHT-lərin nümayəndələrindən təşkil olunmuş bu komitənin 7 illik fəaliyyəti ərzində tərkibi hər il seçki yolu ilə yenilənib. Komitə tərəfindən müxtəlif penitensiar müəssisələrdə 300-dən artıq sərbəst monitorinq keçirilib, monitorinqlərin nəticəsi olaraq Ədliyyə Nazirliyinə mütəmadi olaraq penitensiar müəssisələrin fəaliyyətində aşkar olunmuş müxtəlif çatışmazlıqları özündə əks etdirən hesabatlar təqdim olunub və müvafiq tədbirlər görülüb. Həyata keçirilmiş monitorinqlərdə və müxtəlif tədbirlərdə İctimai Komitənin üzvü olmayan QHT-lərin də nümayəndələri mütəmadi olaraq iştirak ediblər. Belə ki, “Azadlıqdan məhrumetmə yerlərinin müşahidəsi”, “Azərbaycan İnsan Hüquqlarının Müdafiəsi Mərkəzi”, “İnsan haqları uğrunda”, “Beynəlxalq Əlillər Cəmiyyəti”, “Vətəndaş Cəmiyyəti Uğrunda Mərkəz”, “Hüquq dünyası” hüquqi təbliğat İctimai birlikləri kimi yerli QHT-lər cəzanı icra edən orqanların fəaliyyətinə ictimai nəzarəti həyata keçirən İctimai Komitə ilə sıx əməkdaşlıq şəraitində keçirilən tədbirlərdə yaxından iştirak edirlər. Cəzaçəkmə müəssisələrində monitorinqlərin aparılmasına dair daxil olmuş müraciətlər Penitensiar xidmətin rəhbərliyi, müvafiq idarə və şöbə rəislərinin iştirakı ilə kollegial şəkildə ciddi təhlil olunur, onların mahiyyəti, keçiriləcəyi təqdirdə səmərəlilik dərəcəsi araşdırılır və müvafiq qərar qəbul olunur.
Təəssüf ki, özünü ictimai birlik elan etmiş, vətəndaş cəmiyyəti adından çıxış etdiyini bəyan edən, lakin zəruri dövlət qeydiyyatından belə keçməmiş bir sıra “təşkilatlar” Penitensiar xidmət tərəfindən onlara İctimai Komitəyə müraciət etmək tövsiyəsini də qəbul etmir, cəzaçəkmə müəssisələrində yalnız öz təşkilatları adından monitorinq keçirməkdə israr edirlər.
– Bu sahədə mövcud beynəlxalq təcrübə necədir? Belə məsələlər digər ölkələrdə necə tənzimlənir?
– Bu məsələ ilə bağlı beynəlxalq təcrübəyə nəzər salsaq, maraqlı bir mənzərənin şahidi olarıq. Penitensiar xidmətin əməkdaşları bir çox aparıcı Avropa ölkələrində xidməti ezamiyyətlərdə olarkən həmin ölkələrin penitensiar sistemlərinin ictimai və qeyri-hökumət sektoru ilə əməkdaşlığı ilə yaxından tanış olublar. Məlum olub ki, əksər ölkələrdə fəaliyyət göstərən QHT-lərin, ictimai birliklərin nümayəndələrinin cəzaçəkmə müəssisələrinə daxil olmalarına, orada nizamnamələrinə uyğun hər hansı bir fəaliyyətlə məşğul olmalarına icazə verilmir. Hətta bu ölkələrdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin əməkdaşları belə öz ölkələrinin vətəndaşları olan məhkumlarla görüşmək üçün zəruri icazəni almaqda böyük çətinliklərlə üzləşirlər.
Beləliklə, Penitensiar xidmətin rəhbərliyi bu həssas məsələdə öz məsuliyyətini dərk edərək, heç bir ayrı-seçkiliyə yol vermədən, qərəzsiz və obyektiv mövqe tutaraq vətəndaş cəmiyyətinin ayrı-ayrı nümayəndələrinə cəzaçəkmə müəssisələri və istintaq təcridxanalarında destruktiv fəaliyyətlə məşğul olmağa icazə vermir.
Ədliyyə Nazirliyinin rəhbərliyi Penitensiar xidmətin fəaliyyətinə, o cümlədən cəzaçəkmə yerlərində mövcud nöqsanların aradan qaldırılmasına həmişə prinsipial tələbkarlıqla yanaşaraq, xidmətin fəaliyyətində aşkarlığın və şəffaflığın müntəzəm olaraq təmin olunmasının tərəfdarı olmaqla qeyri-hökumət, hüquq-müdafiə təşkilatları, kütləvi informasiya vasitələri ilə əməkdaşlığın inkişaf etdirilməsində daim maraqlıdır