Bəxtiyar Əliyev: Türkiyədəki hadisələri mətbuata təzyiq kimi qiymətləndirmək ikili standartı da aşan mövqedir

“Bu gün Türkiyədə həbs olunan şəxslər peşə fəaliyyəti ilə bağlı deyil, Türkiyə qanunvericiliyinə bu və ya digər zidd hərəkətlərdə şübhəli bilinirlər və ona görə da saxlanılıblar”. Bu barədə Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Əliyev son günlər beynəlxalq qüvvələrin Türkiyəyə təzyiq cəhdini şərh edərkən deyib.

B.Əliyev bildirib ki, əgər hər hansı bir şəxs bu və ya digər ölkənin qanunvericiliyinə zidd hər hansı əməllər törədirsə, o, tutduğu vəzifədən, peşədən asılı olmayaraq qanun qarşısında məsuliyyət daşıyır: “Digər tərəfdən isə saxlanılan şəxs haqqında məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, qərarı olmadan həmin şəxs haqqında konkret fikir də söyləmək olmaz. Yəni bu gün Türkiyədə həbs olunan şəxslər peşə fəaliyyəti ilə bağlı deyil, Türkiyə qanunvericiliyinə bu və ya digər zidd hərəkətlərdə şübhəli bilinirlər. Şübhəsiz ki, istintaq aparılacaq, əgər həmin şəxslərin hərəkətlərində qanun pozuntusu varsa, məhkəmə onlara hüquqi qiymət verəcək və yaxud onların günahı sübuta yetirilməyəcəksə, şübhəsiz ki, azad olunacaqlar”.

Millət vəkili vurğulayıb ki, bunların heç birini mətbuata basqı kimi qiymətləndirmək olmaz: “Həmin mətbuat orqanları, onların əməkdaşları öz peşə fəaliyyətlərini davam etdirirlər. Burada nə fikir azadlığına, nə də mətbuat azadlığına basqıdan söhbət gedə bilməz”.

Onun sözlərinə görə, Avropa və ABŞ-ın bu hadisələri mətbuata təzyiq kimi qiymətləndirməsi artıq ikili standart da deyil: “Bu, ikili standartlardan da neçə addım qabağa atılan bir addımdır. Bu yaxınlarda ABŞ-da jurnalistlər polisin dinc nümayişçilərə qarşı zorakılığını çəkərkən, jurnalistlərin kamerası əllərindən alındı, onlara qarşı qeyri-qanuni hərəkətlər törədildi, eyni zamanda, Avropa ölkələrinin mətbuat orqanları bu hadisələrlə bağlı öz müstəqil mövqeyini yayanda hüquq-mühafizə orqanları jurnalistlərə təzyiqlər göstərərək onlardakı materialların çap olunmasının qarşısını aldı və həmin insanları məsuliyyətə cəlb etdi. Bu da onların o mövqeyini göstərir ki, onlarda belə hadisələr olarkən onu milli maraqlar, dövlət təhlükəsizliyi kimi qiymətləndirirlər, başqa ölkədə olan kimi isə bunu tamamilə başqa bir səpkidə qiymətləndirirlər”.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO