Azərbaycanda orta məktəb şagirdləri üçün nəzərdə tutulmuş və arxasında “pulsuz” yazılmış dərsliklərin satışa hansı formada yol açması ilə bağlı variantlar ola bilər. Trend-in məlumatına görə, təhsil naziri Misir Mərdanov bazar ertəsi jurnalistlərə açıqlamasında bildirib ki, bəzi məktəblərdə şagirdlərin sayını cox göstərib, əlavə dərsliklər ala bilən insanlar ola bilər. “Ola bilər ki, şagirdin sayını cox göstərib, aldığı dərsliyin artığını satan adamlar olsun. Mən bu barədə dəqiq bir şey deyə bilmərəm. Ola bilər ki, nəşriyyatlar dərsliyi cap ediblər, arxasında “pulsuz” yazıblar, ancaq satırlar. Belə də ola bilər. Amma həqiqət məlum olmalı və buna uyğun tədbir görülməlidir”, – Mərdanov əlavə edib.
Nazir deyib ki, arxasında “pulsuz” yazılan dərsliklərin satılması qanunsuzdur. Onun sözlərinə görə, belə addım atanlar qanun qarşısında cavab verməlidirlər.
Mərdanov bildirib ki, arxasında “pulsuz” yazılan dərsliklərin satılmasına TN ilə yanaşı, müvafiq dövlət qurumları da nəzarət etməlidir.
Nazir əlavə edib ki, ötən illərdə olduğu kimi, bu il də dərsliklərlə bağlı monitorinq keçiriləcək.
Mərdanov bildirib ki, Azərbaycanın orta məktəblərində I siniflər üçün dərslik çatışmazlığı problemi artıq həll edilib.
“Amma mən bu fikirlə razı deyiləm ki, şagirdlərin əksəriyyətinə hələ də kitab verilməyib. Biz rəsmi məktub da yazmışıq ki, heç kəs dövlətin pulu ilə çap edilən kitabı almamalıdır. Bu kitabların hamısının üstünə “pulsuz” yazılıb”, – nazir deyib.
Trend.az