Milli Məclisin sədri Oqtay Əsədov ATƏT-in Seçkiləri müşahidə missiyasının rəhbəri Boris Frlesi qəbul edib. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə O. Əsədov Avropa dəyərlərindən bəhrələnən Azərbaycanda qanunvericilik sistemin dünya standartları səviyyəsinə yüksəltmək üçün məqsədyönlü iş aparıldığını deyib.
Spiker Azərbaycanda növbəti prezident seçkilərinin demokratik, şəffaf, ədalətli keçirilməsi üçün müvafiq işlərin görüldüyünü, Seçki Məcəlləsinə və “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna dəyişikliklər edildiyini bildirib.
B. Frles Seçki Məcəlləsinə və “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna edilmiş dəyişiklikləri müsbət dəyərləndirib: “Azərbaycanın bugünkü qanunvericilik bazası prezident seçkilərinin demokratik keçirilməsinə hər cür imkan verir”. O, ümidvar olduğunu bildirib ki, Azərbaycandakı prezident seçkiləri azad, şəffaf və demokratik şəraitdə keçiriləcək.