Azərbaycanın orta məktəblərində keçirilən buraxılış imtahanlarında yeniliklər olacaq

Bu il orta məktəblərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən monitorinq imtahanları bir neçə siniflərdə tarix və Azərbaycan tarixi fənnindən aparılacaq. Trend-in məlumatına görə, bunu TQDK sədri Məleykə Abbaszadə 2012-2013-cü tədris ili üçün tələbə qəbulunun nəticələrinə həsr edilən tədbirdə deyib. Abbaszadə bildirib ki, gələcəkdə Azərbaycan tarixi fənni buraxılış imtahanlarına əlavə ediləcək.
“Onu əlavə etmək üçün əvvəlcə monitorinq imtahanı aparmalıyıq. Bu, hələki şagirdlərin taleyinə təsir göstərməyəcək. Gələcəkdə təkcə IX və XI siniflərdə yox, müəyyən fənlər üzrə hansısa bir kurs bitəndən sonra onun monitorinq imtahanını aparıb, sonra buraxılış imtahanında nəticəni nəzərə alacağıq. Təbii ki, o zaman buraxılış imtahanında qoyulan qiymətlər ayrı bir üsul və formulla hesablanacaq. Ona görə də indidən deyə bilmərəm. Çünki, biz araşdırmalar aparıb, nəticələri görüb, nöqsanları pedaqoji ictimaiyyətə göstərəndən sonra hansısa hüquqi qərar qəbul edə bilərik. Biz hüquqi müstəviyə keçməzdən əvvəl elmi araşdırmalar aparmalıyıq”, – TQDK sədri qeyd edib.
Abbaszadə bildirib ki, gələn ildən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aparılacaq monitorinq imtahanlarının nəticələri şagirdlərin attestat qiymətlərinə də təsir göstərəcək. Ümumilikdə, V-XI siniflər üzrə aparılan monitorinq imtahanları ilə bağlı layihə 10 gündən sonra ictimaiyyətə açıqlanacaq.
Onun sözlərinə görə, hazırda Nazirlər Kabineti tərəfindən buraxılış imtahanları ilə əlaqədar qaydaların təsdiqlənməsi gözlənilir. Bundan sonra ictimaiyyətə məlumat veriləcək.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO