Azərbaycanın Mətbuat Şurasında “reket nəşr”lərin müəyyənləşdərilməsinə dair təlimat”a əlavə olunub. “Reket nəşr”lərin müəyyənləşdərilməsinə dair təlimat”a olunan əlavəyə görə, bundan sonra “reket nəşr” elan olunmuş KİV-lərin üzərindən həmin adın götürülməsi proseduruna bu barədə qərarın qəbulundan bir il sonra baxılması nəzərdə tutulur”, – cümə günü Trend News-a Mətbuat Şurasından (MŞ) bildirilib. Yeni qaydaya əsasən, il ərzində şuraya “reket nəşr” elan olunan KİV haqqında əsaslı şikayət və müraciətlər daxil olmamalıdır.
“Qara siyahı”ya düşən mətbuat orqanı MŞ-yə müraciət ünvanlamalı, bir il ərzində çıxan saylarını şuranın monitorinq qrupuna təqdim etməlidir. Monitorinqdə KİV-in peşə prinsiplərinə və ölkə qanunvericiliyinin tələblərinə necə riayət etməsinə diqqət yetiriləcək. Bu barədə MŞ-nin katibliyinə təqdimat ünvanlandıqdan sonra məsələyə şuranın İdarə Heyətində baxılaraq yekun qərar çıxarılacaq”, – məlumatda qeyd edilir.
Mətbuat Şurası bir müddət əvvəl “reket” fəaliyyəti ilə məşğul olan 80-dən çox qəzetin adını açıqlayıb və onların bəziləri barədə materialların araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət edib. Şuranın şikayətlər komissiyasının oktyabrın 22-də keçirilən iclasında isə daha 4 qəzetin “reket” elan olunması barədə qərar çıxarılıb.