ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Bernar Fasie (Fransa), Robert Bradke (ABŞ) və qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik (Polşa) təmas xətinin Tərtər rayonundan keçən hissəsində olublar. Vertolyotla Bakıya yola düşmək üçün Ağdamdan Bərdə rayonuna yollanan həmsədrlər planı dəyişərək Tərtər istiqamətinə hərəkət ediblər. Verilən məlumata görə, gün ərzində həmsədrlərlə bir yerdə olan yerli icra strukturlarının nümayəndələri Tərtərdə onları müşayiət etmirlər.
Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev hazırda cəbhənin Tərtər hissəsindədir. Vasitəçilərin məhz S. Əbiyevlə görüşmək üçün hərəkət qrafiklərində dəyişiklik etdikləri ehtimal olunur.
Qeyd edək ki, bu gün ATƏT nümayəndələri Ağdam rayonunun Orta Qərvənd kəndində erməni snayperi tərəfindən qətlə yetirilmiş 9 yaşlı Fariz Bədəlovun ailəsində olublar.
Həmsədrlər Farizin valideynləri ilə görüşüb, onun vurulduğu yerə baxış keçiriblər. Daha sonra diplomatlar Orta Qərvənddən keçən təmas xəttinə baxıblar. Onların buradan Bərdəyə, buradan isə vertolyotla Bakıya yola düşəcəkləri bildirilirdi.