Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət BMT-də müzakirə olunub

Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət Nyu-Yorkda BMT-nin qərargahında keçirilən “dəyirmi masa” zamanı müzakirə olunub. Müzakirələr Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı yanında Daimi Nümayəndəliyi tərəfindən təşkil olunub. Sözügedən müzakirələrdə 50-yə qədər BMT üzv dövlətlərinin nümayəndələri, BMT Katibliyi və onun ixtisaslaşmış qurumlarının təmsilçiləri iştirak ediblər. Bu barədə Trend News-a ölkənin BMT yanında Daimi Nümayəndəliyinə istinadən Azərbaycan XİN-in mətbuat mərkəzindən bildirilib. Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi Aqşin Mehdiyev “dəyirmi masa” iştirakçılarını məsələnin tarixi və hüquqi aspektləri barədə məlumatlandırıb.

Azərbaycan Respublikasının hüquq məsləhətçisi, tanınmış beynəlxalq hüquqşünas professor Malkom Şou məsələ üzrə mövcud hüquqi vəziyyət üzrə məruzə ilə çıxış edib. BMT-yə üzv dövlətlərin nümayəndələri münaqişənin həllinin beynəlxalq hüquq və Azərbaycan Respublikasının ərazi bütövlüyünə hörmət əsasında vacibliyini vurğulamış və Azərbaycan tərəfinin bu müzakirələrin təşkil edilməsinə yönəlmiş səylərini yüksək qiymətləndirmişlər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO