Azərbaycanın Dağlıq Qarabağ icmasının başçısı ATƏT-in MQ həmsədrləri ilə qaçqınların işğal olunmuş ərazilərə qayıtmaları məsələsini müzakirə edib. “ATƏT-in Minsk Qrupunun həmsədləri ilə müzakirə etdiyimiz əsas məsələ bizim doğma yurdumuza qayıtmağımız oldu”, – çərşənbə axşamı ATƏT-in MQ həmsədrləri ilə keçirilən görüşdən sonra Azərbaycanın Dağlıq Qarabağ icmasının başçısı Bayram Səfərov bildirib.
Görüş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ABŞ, Fransa və Rusiyadan olan vasitəçilərin Bakıya səfəri zamanı baş tutub. “Yaxın zamanda məsələnin həll ediləcəyinə ümid edirəm”, – Səfərov bildirib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
Trend News