Azərbaycanın cəzaçəkmə müəssisələrində QİÇS virusuna yoluxmuş 21 məhkum var

Azərbaycanın cəzaçəkmə müəssisələrində QİÇS virusuna yoluxmuş 21 məhkum var. Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi Rəfael Mehdiyev çərşənbə axşamı Trend News-a bildirib ki, həmin məhkumlar antirepravirus terapiya müalicəsi keçir. İdarə rəisi bildirib ki, Penitensiar Xidmətdə bu müalicəyə 2007-ci ilin sonlarından başlanılıb və indiyədək 46 məhkum bu müalicəyə cəlb olunub.

Mehdiyevin sözlərinə görə, məhkumlardan 9-u həm HİV, həm də vərəmə yoluxub və vərəmli məhkumların müalicə müəssisəsində hər iki xəstəlik üzrə müalicə olunurlar. O, QİÇS-li məhkumlar arasında qadınların olmadığını deyib. İdarə rəisinin sözlərinə görə, HİV-ə qarşı müayinə məhkum istintaq təcridxanasına daxil olanda aparılır və əksər hallarda HİV-ə yoluxma istintaq təcridxanalarında aşkarlanır.

Müəssisələrdə isə risk qrupuna daxil məhkumlar (narkomanlar, vərəmə yoluxmuşlar) isə dövri olaraq müxtəlif müayinələrdən keçir və həmin məhkumların məxfiliyi qorunur. Nazirlik rəsmisi qeyd edib ki, zərərin azaldılması proqramı üzrə məhkumlar arasında bu xəstəliklərlə bağlı maarifləndirmə tədbirləri aparılsa da, onlara şprislərin və digər qoruyucu vasitələrin paylanmasına qanunvericilik icazə vermir. Mehdiyev bildirib ki, bunun üçün daxili normativ hüquqi aktlarda və qanunlarda dəyişiklik edilməlidir.

QİÇS-lə Mübarizə Mərkəzinin məlumatına görə, Azərbaycanda 2224 QİÇS-ə yoluxmuş şəxs var və onların 34,3 faizi məhkumlardır. Məhkumların əksəriyyəti isə venadaxili narkotik qəbul etməklə bu virusa yoluxublar.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO