Azərbaycanın Avropa Şurasına üzv olmasının 10 illiyinə həsr olunmuş kitab nəşr edilib

Azərbaycanın Avropa Şurasına üzv olmasının 10 illiyinə həsr olunmuş “Azərbaycan 10 il Avropa Şurasında” kitabı nəşr olunub. Kitabın müəllifi millət vəkili Elxan Süleymanovdur.
Kitabda Azərbaycan Respublikasının Avropa Şurasına üzvlüyü dövründə keçdiyi yol lakonik formada təhlil edilib. Azərbaycanın Avropa Şurasının bərabərhüquqlu üzvü olduğu 10 il ərzində dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi, demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyətinin qurulması və inkişaf etdirilməsi, o cümlədən insan hüqüqlarına və əsas azadlıqlara dair beynəlxalq standartların milli qanunvericilikdə təsbiti və təmin edilməsi, bazar iqtisadiyyatının bərqərar olması, ölkənin sosial-iqtisadi inkişafı və Avropa hüqüq məkanına inteqrasiyası sahələrində ciddi irəliləyişlərə nail olduğunu qeyd edilib.
Kitab Azərbaycan dilində Bakıda, ingilis dilində Brüsseldə işıq üzü görüb. Kitabın elmi redaktoru Almaniya-Azərbaycan Əlaqələrinin İnkişafına Yardım Cəmiyyətinin sədri, Almaniyanın millət vəkili (1976-2009), Dövlət Katibi (1991-1998), AFR-in Daxili İşlər Nazirinin müavini (1992-1998) Eduard Lintnerdir.
Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsinin 10 illiyinə həsr olunmuş daha bir kitab Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin Azərbaycan və ingilis dillərində nəşr etdirdiyi “Azərbaycan vahid və bölünməz Avropada” kitabıdır.
Kitaba Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin Avropa Şurasının nümayəndələri ilə görüşlərinin mətni və eləcə də bu təşkilatın tədbirlərindəki çıxışları daxil edilib. Avropa Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamə və tövsiyələri də kitabda yer alan sənədlərdəndir.
1992-ci ildə Azərbaycan Respublikasının Parlamenti “Xüsusi dəvət edilmiş qonaq” statusu almaq üçün Avropa Şurasına müraciət edib. 1996-cı ilin iyun ayında Avropa Şurası Parlament Assambleyasının Bürosu Azərbaycana “xüsusi dəvət edilmiş qonaq” statusu verib. 17 yanvar 2001-ci ilə isə Avropa Şurası Nazirlər Komitəsinin nümayəndələr səviyyəsində keçirilmiş iclasında Azərbaycan Respublikasının Avropa Şurasına tamhüquqlu üzv seçilməsi ilə bağlı qərar qəbul edilib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO