Türkiyə Prezidenti Abdullah Gül Ankarada Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin (USAK) yeni binasının açılışından sonra dövlətin xarici siyasəti ilə bağlı məruzə ilə çıxış etmişdir. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Məruzəsinin Cənubi Qafqaz bölümündə Türkiyə dövlətinin başçısı bildirmişdir ki, Gürcüstanda baş verən hadisələr bu bölgədə “dondurulmuş” münaqişələrin hər an alovlana biləcəyini göstərmişdir. Prezident vurğulamışdır ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müxtəlif müzakirələr aparılır. Amma, Azərbaycanın işğal altındakı torpaqlarının Azərbaycana məxsus olduğuna dair heç bir şübhə yoxdur. Bu məsələdə Ermənistanın hər hansı iddiası da müzakirə mövzusu deyildir.
«Bu baxımdan, müzakirələrin ilk olaraq işğal altındakı torpaqların təcili boşaldılması istiqamətində intensivləşməsinin zəruriliyinə inanıram. Bu, bölgədəki bir çox problemin də həllini asanlaşdıracaqdır», – Türkiyə Prezidenti dedi.