AZƏRBAYCANIN AVROPA ŞURASINA TAMHÜQUQLU ÜZV KİMİ QƏBUL OLUNMASINDAN 8 İL KEÇİR

Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv kimi qəbul olunmasından 8 il keçir. 2001-ci il yanvarın 17-də Avropa Şurası Nazirlər Komitəsinin nümayəndələri səviyyəsində keçirilən iclasda Azərbaycanın bu təşkilata üzv qəbul olunması ilə Avropa strukturlarında mövqeyi güclənmişdir. Azərbaycan bununla da həqiqətlərini dünyaya bəyan etmək üçün daha bir beynəlxalq tribuna qazanmışdır.
Ulu öndər Heydər Əliyevin gərgin əməyi sayəsində, nəhayət, 2001-ci il yanvarın 17-də Azərbaycanın bu mötəbər quruma üzv qəbul edilməsi ilə rəsmi Bakı xarici siyasətdə qarşıya qoyduğu əsas məqsədlərindən daha birini reallaşdırmış və ölkəmiz Avropa ailəsində layiqli yerini tutmuşdur. Buna qədər isə ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsipləri bərqərar edilmiş və ümummilli lider Heydər Əliyevin müəllifi olduğu müstəqil Azərbaycanın ilk Konstitusiyasında özünün təsdiqini tapmışdır.
Hüquqi dövlət quruculuğu yolunda demokratik təsisatların inkişafını strateji hədəf kimi müəyyənləşdirən Azərbaycan bir sıra beynəlxalq saziş və konvensiyalara qoşulmuşdur. Şərqdə ilk dəfə olaraq məhz Azərbaycan qətiyyətlə tarixi qərar verərək ölüm hökmünü ləğv etmişdir. Bütün bunların nəticəsi olaraq Azərbaycan daha bir beynəlxalq təşkilata daxil olmuşdur.
2001-ci il yanvarın 25-də Strasburqda Azərbaycanın Avropa Şurasına üzv qəbul olunmasına həsr edilmiş rəsmi mərasim keçirilmişdir və üçrəngli bayrağımız o vaxtdan başlayaraq qurumun binası önündə dalğalanır. Mərasimdə ulu öndər Heydər Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edirdi. Ümummilli lider Heydər Əliyev həmin mərasimdə çıxışı zamanı Ümumavropa dəyərləri xəzinəsinə töhfələrimizi verməyə hazır olduğumuzu bildirmişdir. Heydər Əliyevin böyük uzaqgörənliklə söylədiyi bu fikir zaman keçdikcə təsdiqini tapmış və Azərbaycan Avropa Şurasının inkişafına layiqli töhfəsini vermişdir. Azərbaycan artıq Avropa ailəsində özünə möhkəm yer tutmuş və burada kifayət qədər böyük nüfuz sahibidir.
Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasındakı 8 illik fəaliyyəti də bunu aydın göstərir. Bu, ölkəmizin beynəlxalq imicini möhkəmləndirməklə bərabər, həm də Ermənistanın təcavüzkar siyasətini ifşa etməyə, saxta erməni təbliğatının qarşısını almağa imkan yaratmışdır. 2003-cü il yanvarın 27-də İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasının sədr müavini və büro üzvü seçilməsi isə Azərbaycanın təşkilat çərçivəsində əldə etdiyi ən böyük uğurlardan biri olmuşdur. Yeni statusla fəaliyyətə başlayan İlham Əliyevin ilk addımı da məhz Ermənistanın təcavüzkar siyasətinin nəticələrini beynəlxalq aləmə çatdırmaqdan ibarət olmuşdur. Müzakirələr zamanı Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti pislənmiş və bunun bütün beynəlxalq hüquq normalarına zidd olduğu bəyan edilmişdir.
Praqmatik və rasional lider İlham Əliyevin qətiyyəti ilə sonralar bu məsələ daha dərinləşmişdir.
AŞPA-nın 2003-cü il yaz sessiyasında isə “Avropada muxtar vilayətlərin təcrübəsi” mövzusunda müzakirələr zamanı məhz İlham Əliyevin təklifi ilə muxtar vilayətlərin ərazi bütövlüyünü pozmaq səlahiyyətinə malik olmadığı kimi mühüm və prinsipial bir müddəa sənədə əlavə olunmuşdur. Bu, faktiki olaraq, Dağlıq Qarabağdakı separatçı rejimin tələbləri qarşısına sədd çəkən çox mühüm amil olmuşdur. Qeyd etmək yerinə düşərdi ki, məhz Prezident İlham Əliyevin nümayəndə heyətinə rəhbərlik etdiyi qısa bir müddətdə AŞPA-da Azərbaycan həqiqətlərini özündə ehtiva edən 30-dək sənəd hazırlanmış və təşkilatın rəsmi sənədləri kimi yayılmışdır. Təşkilatla rasional əməkdaşlıq bu gün də uğurla davam edir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO