Azərbaycanda vəkilliyə həsr olunmuş yeni jurnal nəşr olunacaq.
“Azərbaycan Hüquq İslahatları Mərkəzi” İctimai Birliyinin (AHİM) mətbuat xidmətindən verilən məlumata görə, bu ilin yanvarında “Azərbaycan vəkili” adlı jurnal Ədliyyə Nazirliyində qeydiyyatdan keçib.
Nəşrin məqsədi Azərbaycanda vəkilliyin vəziyyətinin öyrənilməsi, bu sahədə müxtəlif hüquqi problemlərin işıqlandırılması, vəkil peşəsinin hüquqşünaslar arasında təbliği ilə onun nüfuzunun artırılması, həmçinin gələcəkdə vəkillik hüququ elminin inkişafına töhfə verməkdir.
Jurnalın baş redaktoru AHİM-in sədri, Vəkillər Kollegiyasının rəyasət heyətinin üzvü Anar Bağırov bildirib ki, nəşrin rüblük olaraq 1000 tirajla çapı nəzərdə tutulub. Jurnal Azərbaycanın 837 nəfərlik vəkil icması, həmçinin hüquq ictimaiyyəti arasında pulsuz paylanılacaqdır.
Jurnal 2011-ci ildə təsis olunan və əsas məqsədi ölkəmizdə aparılan hüquqi islahatlara töhfə verməkdən ibarət olan Azərbaycan Hüquq İslahatları Mərkəzi İctimai Birliyi tərəfindən hazırlanır.
Jurnalda ölkəmizdə vəkillik, həmçinin məhkəmə-hüquq sahəsində, qanunvericilikdəki yeniliklər barədə yazılar yer alacaq.
Jurnalda həmçinin, vəkillərin və hüquqşünasların hüququn müxtəlif sahələrinə aid olan aktual problemləri ilə bağlı müəllif yazıları, rüb ərzində beynəlxalq aləmdə vəkillik, həmçinin məhkəmə-hüquq sahəsində baş verən yeniliklər, Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və Avropa İnsan Hüquqları məhkəməsinin qərarları da toplanacaq.
Jurnalın ilk nömrəsi aprelin sonunda işıq üzü görəcək. Jurnalın ilk sayında Vəkillər Kollegiyasının sədri Azər Tağıyevlə, hüquqi yardım göstərilməsi problemi ilə əlaqədar Anar Bağırovla müsahibələr, mülki, əmək qanunvericiliyindəki problemlərlə bağlı vəkillərin məqalələri və digər yazılar yer alacaqdır.
İlk nömrədə həmçinin, tanınmış hüquqşünaslar, vəkillərin həyatı və fəaliyyəti barədə maraqlı məlumatlar və s. yerləşdiriləcək. Vəkillərə və hüquqşünaslara vətəndaşlar tərəfindən daha çox verilən suallara cavablar da jurnalda yer alacaqdır.